Qənirə Paşayeva: “Qəlyan üçün tütünlərə də aksiz vergisi tətbiq edilməlidir”

“Kəlbəcər və Zəngilanın işğaldan azad olunmasından sonra Azərbaycanda zərgərlik sahəsinin inkişafı ilə bağlı daha yaxşı perspektivlər yaranır”.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, qızıldan və gümüşdən hazırlanan zərgərlik məhsullarının istehsalı üçün dəzgahların istehsalı vergidən azad ediləcək: “Bunu dəstəkləyirik. Ancaq vergi Məcəlləsinə daha bir maddə əlavə edilməlidir. Kitablar, mətbəə məhsulları üzərində 18 % ƏDV tətbiq edilir. Dünyada belə təcrübə yoxdur. Qardaş Türkiyədə bu 8 % idi, onu da ləğv etdilər. Qonşu ölkələrin hamısında bu faizlər aşağıdır. Vergilər Nazirliyi bununla bağlı açıqlamasında məsələnin hökumət tərəfindən müzakirə edildiyini demişdi. Ölkədə istehsal olunan kitab və dərgilərin sayı bəllidir. Bu dəyişikliklər kitabın daha da geniş yayılması baxımından çox əhəmiyyətli olardı”.
Deputat bildirib ki, qəlyan istifadəsi üçün tütünlərə aksiz dərəcəsi tətbiq edilmir: “Bu, digər tütün məhsulları kimi çox zərərli maddədir. Ölkədə qəlyandan istifadənin sayı getdikcə artır. Ona görə də qəlyan üçün tütünləri də istisna etməməliyik”