Yoluxma sayı yenidən artacaq – İnfeksionist DİQQƏTLİ OLMAĞA ÇAĞIRDI

“Viruslar, xüsusilə də RNT tərkibli viruslar bölünüb çoxaldıqları zaman tez-tez genomlarında mutasiyalar müşahidə olunur. Onların böyük əksəriyyətinin xüsusi əhəmiyyəti olmasa da, bəzi mutasiyalar virusun yoluxduruculuğunun daha da artması kimi yeni xüsusiyyətlər qazandırır. İndiyə qədər SARS-CoV-2-nin məlum olan mutasiyalarından 3 variantı (B.1.1.7, B.1.351, P.1) aşkarlandıqları bölgələrdə yoluxma sürətini və mövcud epidemioloji vəziyyəti dəyişdiklərinə görə risk yaratdığı qəbul edilmişdir”.

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, koronavirusun yeni ştammı (İngiltərə variantı) 30% daha artıq öldürücüdür:

“Bu mutasiyaların riskləri, yoluxduruculuq qabiliyyətlərinin daha yüksək olmasındadır. Avropa Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzi, yeni mutasiya qazanmış variantların cəmiyyətə daxil olma və yayılma ehtimalını “çox yüksək” risk kateqoriyası olaraq qiymətləndirib. Yoluxuculuğun artmasının nəticələri olaraq, xüsusilə yaşlı və xronik xəstəlikləri olanlar da daxil olmaqla bütün yaş qruplarında xəstəxanaya yatışlar və ölüm göstəriciləri arta bilər. B1.1.7. – İngiltərə variantının yoluxma sürəti (40-70%) və öldürücülük qabiliyyətinin (30% daha artıq) olduğu hesablanmışdır. Hər 3 variantın meydana çıxdığı ölkələrdə sürətlə yayılaraq üstünlük əldə etməsi, qısa müddət ərzində dünyaya yayılaraq yenidən yoluxmaların artacağı şübhəsini təsdiqləmiş olur. Bu səbəblə ən qısa zamanda çox sayda insanın peyvəndlənməsi təmin olunana qədər yoluxmanın qarşısını almaq və səhiyyə sisteminin üzərindəki yükü azlatmaq üçün tədbirlərə daha ciddi riayət edilməlidir.

İlkin olaraq yanvar ayının 18-dən etibarən tibb işçiləri peyvəndlənmə prossesinə cəlb olundu və bu günə qədər ciddi yan təsir baş verməmişdir. Bəzi əməkdaşlarda yerli qızarıqlıq, istilik, peyvənd olunan qolda ağrı əlamətləri müşahidə olunmuş və qısa müddət ərzində yox olmuşdur.

Vətəndaş olaraq işin ciddiliyini dərk etməliyik

Bütün dünya, 1 ildir ki xəstəliklə mücadilə aparır, əksəriyyətimiz yaxınlarımızı, əzizlərimizi itirmişik, dəyərli şəxsiyyətlərimiz, həkimlərimiz bu xəstəlik səbəbindən vəfat edib. Düşünək ki, hər tərəfdə yanğın var və ondan qorunmaq üçün bizə çıxış yolu təklif olunur və biz isə hansısa cəfəngiyat fikirlərə görə, elmi əsası olmayan şayiələrə görə ondan imtina edirik. Bugünkü gündə bizə təklif olunan peyvənd yanğından qorunma metodumuzdur. Vətəndaş olaraq işin ciddiliyini dərk etməliyik.

Normal həyata arxayın dönüşdən söhbət gedə bilməz

Əhalinin çox hissəsi xəstəliyi keçirməyib, peyvəndlənmə prossesisi də geniş kütləvilik əldə etməyib, nə dünyada, nə də ölkəmizdə. Belə olan təqdirdə normal həyata arxayın dönüşdən söhbət gedə bilməz.

Yeni mutasiya 70%-ə qədər daha yoluxucudur və əsasən də uşaqlar arasında yayılmaqdadır. Buna baxmayaraq xəstəliyin gedişatı ilə bağlı ciddi açıqlamalar olunmayıb. Bu mutasiya ilə də yoluxmuş uşaqlar yenə də xəstəliyi yüngül və orta ağırlıqda keçirirlər”.