Azərbaycanda pik yoluxma nə vaxt gözlənilir? – Professordan PROQNOZ

Koronavirusun yeni ştamlarına yoluxan xəstə ilə COVID-19 xəstələrinin müalicəsində hər hansı fərq yoxdur. Virusun yeni ştamları Uhandan qalan məsələdir. Kembric Universitetinin alimlərinin Britaniyada aşkar etdiyi ştamlar 2020-ci ilin fevral və martında da var idi. Fərq ondadır ki, COVID-19 infeksiyası qrip viruslarından fərqli olaraq daha sürətli mutasiya qəbul edir.

ZaferTv.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Professor bildirib ki, virusun müxtəlif modifikasiyaları və mutantları mövcuddur:

“Düşünmürəm ki, hazırkı epidemioloji göstəricilər həmin ştamlara təsir edə bilsin. Ümumi toplum içərisində bu mutasiyalar var, amma epidemioloji vəziyyətin kəskinləşməsinə təsir etməyəcək, uğurlu vaksinasiya olarsa, bu, əhalini 5-6 ştammdan qorumaq qabiliyyətinə malik olacaq. Odur ki, ciddi narahatlığa əsas yoxdur”.

Ə.Sadıqov qeyd edib ki, karantin qaydalarının yumşaldılması müəyyən müddətdən sonra yoluxma sayının artmasına səbəb olacaq:”Bu tendensiya gözləniləndir, çünki insanlar bir-biri ilə daha çox kontaktda olur. Vəziyyətin kritik həddə çatmaması üçün vaksinasiya olunmuş və olunmamış insanlar eyni qaydalara əməl etməyə davam etməlidir. Vaksinasiya onun üçün lazımdır ki, virusa yoluxsaq, ağır xəstəliyə düçar olmayaq. Cəmiyyətdə ölüm sayı azalsın, infeksiya ümumiyyətlə aradan qalxsın. Yalnız cəmiyyətin 60-70 faizi peyvənd olunduqdan sonra epidemiya təhlükəsindən çıxa bilərik”.