Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün bizə yaxşı tərəfdaşlar lazım olacaq

İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq.

ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bildirib.

Şirkətin Azərbaycandakı fəaliyyətinin və həyata keçirdiyi layihələrin ölkə sənayesinin qeyri-enerji sektorunu artırmağa kömək etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, – o, 4,3 faiz olmuşdur, – bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl nümayişidir və “Maire Tecnimont” kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlıq, əlbəttə ki, bizə kömək etdi və gələcəkdə də kömək edəcək”.

Prezident qeyd edib ki, “Maire Tecnimont” ümumiyyətlə, Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub. “Hesab edirəm ki, bu, belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz. Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız, bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir”, – deyə Prezident İlham Əliyev əlavə edib.