Yoluxma hallarının və aktiv xəstələrin sayının az olması pandemiyanın bitməsi demək deyil

Hazırda ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndləmə aparılır. Hər bir vaksinasiyada olduğu kimi COVID-19 əleyhinə peyvəndləmə zamanı da yan təsirlər müşahidə olunur. Mənfi nüanslar irihəcmli və kiçikhəcmli olaraq bölünür. İrihəcmli təsirlərə aid edilən allergik reaksiyalar, anafilaktik şok indiyədək qeydə alınmayıb. Lakin inyeksiya olan nahiyədə ağrı, ümumi halsızlıq, temperaturun yüksəlməsi kimi kiçikhəcmli reaksiyalar müşahidə olunur.

ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, bunu TƏBİB-in infeksion işçi qrupunun üzvü Süleyman Kamilov deyib.

Onun sözlərinə görə, peyvəndlərin təsirləri barəsində danışmaq hələ tezdir: “İkinci dozadan minimum iki həftə sonra aparılan vaksinasiya haqqında müəyyən fikir yürütmək olar. Yumşalma tədbirlərinin bir səbəbi də peyvəndin həmin dövrdə effektini müəyyənləşdirməkdir. Bu dövrdə peyvəndlərin yoluxma saylarına təsirinin olması gözlənilir. Fevralın 1-dən də müəyyən yumşalma tədbirləri tətbiq olundu. Məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasından sonra xəstəliyin artma intensivliyinə əsasən qarşıdakı aylarda vaksinlərin effektiv olub-olmaması müəyyən ediləcək”.

Ölkəmizdəki hazırkı sanitar-epidemioloji vəziyyətdən danışan S.Kamilov bildirib ki, yoluxma hallarının və aktiv xəstə sayının azalması sevindiricidir: “Bu vəziyyəti ölkəmiz keçən ilin yayında da yaşayıb. O zaman karantin rejiminin bir sıra məhdudiyyətləri yumşaldıldı. Vətəndaşlar arxayınlaşdılar və bu da rəqəmlərin pik həddə çatması ilə nəticələndi. Həmin səhvi bir daha təkrarlamamaq lazımdır. Çünki yoluxma hallarının və aktiv xəstələrin sayının az olması pandemiyanın bitməsi demək deyil. Vətəndaşlar arxayınlaşmamalı, qoyulan tələblərə, mütəxəssislərin tövsiyələrinə əməl etməlidirlər. Kütləvi toplanma yerlərindən uzaq olmaq, maska taxılması, sosial məsafə prinsiplərinin gözlənilməsi, əl gigiyenasına əməl edilməsi, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi vacibdir. Sadalanan qaydalara diqqət yetirilərsə və ciddi riayət olunarsa, yoluxma saylarının payız aylarında qeydə alınan pik səviyyəyə çatmasının qarşısını ala bilərik. Çünki risk hər zaman var”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support