“Xüsusi nümayəndəlik modeli Qarabağa Böyük Qayıdışın sürətlə təmin olunmasına xidmət edəcək” – Deputat

30 ilə yaxın müddət ərzində işğal altında olmuş və müzəffər Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmiş torpaqlarımız erməni separatçıları və terrorçuları tərəfindən xarabalığa çevrilib, dövlətimizə və xalqımıza məxsus olan tarixi, dini və mədəni abidələr məhv edilib, təbii sərvətlər talanıb.

ZaferTv.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, fərqli xüsusiyyətləri olan bu ərazilərdə, təbii ki, işğal səbəbindən heç bir idarəetmədən söz gedə bilməzdi: “Hazırda da həmin ərazilərin əksər hissəsi bərbad vəziyyətdədir, orada minatəmizləmə, bərpa, abadlıq-quruculuq işləri aparılmalıdır, torpaqlara qayıdacaq soydaşlarımızın layiqli yaşayış tərzinə cavab verən müvafiq infrastruktur yenidən qurulmalıdır.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərin xüsusi vəziyyəti həmin ərazilərdə fərqli və yeni idarəetmə sisteminin təşkilini tələb edir. Ərazilərdə layiqli və səmərəli regional siyasətin həyata keçirilməsi, həmin ərazilərin planlaşdırılması, ümumiyyətlə Qarabağ bölgəsinin sürətli inkişafının təmin edilməsi üçün dayanıqlı və təkmil idarəetmə sistemi və mexanizmləri qurulmalıdır. Bu baxımdan Prezidentin xüsusi nümayəndələr institutunun təsis olunması müstəsna əhəmiyyət kəsb edir”.

K.Bayramov vurğulayıb ki, xüsusi nümayəndələrin əsas vəzifələrinə işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu sahədə dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması daxildir:

“Ölkəmiz üçün yeni bir institut olan xüsusi nümayəndələrin isə Prezidentə birbaşa tabeçiliyi, onu həmin ərazilərdə təmsil etməsi ölkəmizin mülki idarəetmə siyasətində heç bir neqativ hallara yol vermədən yeni modelin formalaşmasına, Qarabağa Böyük Qayıdışın sürətlə təmin edilməsinə xidmət edəcək”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support