Lavrovla Blinken arasında ilk telefon danışığı baş tutub – Nələr müzakirə edilib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, S.Lavrov E.Blinkeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və eyni zamanda, müxtəlif mövzularda konstruktiv dialoqa hazır olduğunu bildirib.

“Həmsöhbətlər Strateji Silahların Məhdudlaşdırılmasına dair Müqavilənin 2026-cı ilə qədər uzadılmasını məmnuniyyətlə qarşılayıblar”, – Rusiya XİN-in saytında yayılan məlumatda qeyd olunub.

Bundan başqa, tərəflər silahlara nəzarət sahəsində proqnozlaşdırılmanın təmin edilməsi probleminə toxunublar.

Rusiya XİN-in rəhbəri Moskvanın ikitərəfli münasibətləri normallaşdırmaq üçün ortaq iş görməyə hazır olduğunu çatdırıb. Həmçinin hər iki tərəf Rusiya və ABŞ-ın iki ölkə ərazisindəki diplomatik nümayəndəliklərin fəaliyyətindəki çətinliklərin qarşılıqlı aradan qaldırılmasına hazır olduqlarını vurğulayıblar. Dövlət katibi bu mövzularda ekspert dialoqunun təşkilinə dəstəyini ifadə edib.

ABŞ-ın dövlət katibi isə “Twitter” səhifəsində bildirib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq ABŞ öz maraqlarını qətiyyətlə müdafiə edəcək.

“Amerikanın maraqlarını inkişaf etdirmək üçün Rusiya ilə əlaqələrini davam etdirməsinə baxmayaraq, Rusiyanın yaratdığı çətinliklər barədə mövqeyimiz aydındır”, – Entoni Blinken əlavə edib.