Xatirəsi ürəklərdə yaşayan böyük sənətkar – FOTO

Azərbaycan musiqisinə şöhrət gətirən məşhur sənət korifeyləri sırasında böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xüsusi yeri var. Onun əbədiyaşar musiqisi neçə-neçə illərdir ki, dünyanın nəhəng konsert salonlarında səslənir. Hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.

ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış bu böyük sənətkarın anadan olmasından 103 il ötür.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin və Sona xanım İsgəndər qızının ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.

Dünya şöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.

Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (C.Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.

Qara Qarayev kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük sevgi və həssaslıqla yanaşardı. Onları “açıq kitab” kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını qoruyar, öz dəst-xətlərini müəyyənləşdirməyə yönəldərdi. Bəlkə də atasının arzusunu yerinə yetirmişdi o… Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların getdiyi yola “işıq” salıb, onlara bu yolla getmələrini, ən əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə edərdi. “…Biz soyuqqanlılıqla musiqi xəzinəmizin üst qatlarından asan mənimsənilərək istifadə etmirikmi? Xalq musiqisi doğrudan da tükənməzdir, amma onun zənginliyi tək bu qatlarda deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi “texniki yazılara” yiyələnib, o dərinliyə getmənin vaxtı çatmışdır”. Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi… Bu yolun davamçıları onun tələbələri idi… B.Yermolayev, H.Xanməmmədov, R.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, V.Adıgözəlov, O.Zülfüqarov, M.Mirzəyev, V.Şainski, L.Vanşteyn, M.Quliyev, N.Şəfiyeva, S.İbrahimova, F.Qarayev, F.Əlizadə, İ.Hacıbəyov, R.Həsənova, A.Cəfərova, R.Şəfəq, E.İbrahimova, E.Dadaşova, A.Dadaşov, A.Əzimov, C.Abbasov…. Bu siyahını onun tələbələri davam etdirərək növbəti nəsillərə aparır… Bir ağacın kökündən qidalanaraq böyüyən, budaqlara şaxələnərək ucalan qollar kimi…

“Şagirdlər bizim ən ciddi hakimlərmizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir”. Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin şəxsiyyətini “yonan” heykəltəraş, şair təbiətli əbədi romantik, bəzən Don Kixot, bəzən də Sirano kimi yaşayır… Amma hər zaman sözün əsl mənasında sənət fədaisi, Vətən, torpaq eşqi ilə yaşayan bir Məcnun idi o…

Planlaşdırdığı layihələri çox idi. “Hamlet”, “Leyli və Məcnun”, “Don Juan” baletləri, “Gözəl Yusif” operası, “Oxuyan daşlar” simfonik süitası, simfocaz üçün konsert, “Uşaqsız şəhər” oratoriyası… “Qərblə Şərq lap əvvəldən içimdədir”- deyərdi. Arzular tükənməz olur.

Otuz doqquz il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma Vətənində torpağa tapşırıldı…

Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur… Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır, külək mənimçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürəkağrısı qədər ağırdır. Ölüm – yeni həyatın dünyaya gəlməsidir”.

Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi… “Doğum günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən… Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə – onun hər zaman səslənən musiqisidir”, – deyir oğlu Fərəc Qarayev.

Ruhun şad olsun, Maestro!