Qarabağda nə baş verir? – Düşmən yenidən fəallaşır

2020-ci ilin sonları regionda əhəmiyyətli geosiyasi dəyişiliyin baş verməsi ilə yadda qaldı. Azərbaycan sentyabrın 27-də başlayan 44 günlük müharibə ilə yalnız işğalda olan ərazilərini azad etmədi, eyni zamanda mənliyini, kimliyini düşmənə və eləcə də dünyaya sübut etdi. Bu gün artıq Azərbaycan dünya ictimiyyətinin nəzərində qalib ölkə kimi xüsusi mövqeyə, çəkiyə sahibdir. Biz bunu həm döyüş meydanında haq etdiyimizi göstərdik, həm də müharibədən sonra diplomatik meydanda verilən qərarlar, edilən manevrlərlə qazanmağa başlamışıq.

ZaferTv.az Milli.az- a istinadən xəbər verirki, Azərbaycan ötən illər ərzində hazırladığı təmassız müharibə konsepsiyasını 44 günə reallaşdırdı. Erməni generaliteti isə 90-cı illərdə qalaraq havadarlarının havasını oynayaraq həm əli aşından oldu, həm vəli. Birinci Qarabağ müharibəsinin sindromunu üzərindən ata bilməyən, reallıqlarla barışmayan Ermənistan bu gün də müxtəlif vasitələrlə Azərbaycandan revanş almaq yollarını axtarır. Heç kəsə sirr deyil ki, müharibəyə kimi də, xüsusən də müharibənin gedişatında əsas silahları olan informasiya savaşında da iflasa uğrayan düşmən, yenidən bu cəbhədə aktivləşib. Sosial şəbəkələrdə apardığımız müşahidələrə əsasən deyə bilərik ki, fəlakətə bərabər səhvlərinin nəticələrini aradan qaldırmaq əvəzinə bu gün də yaydıqları dezinformasiyalarla Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmağa çalışan düşmən tərəfi təəssüf ki, bəzi hallarda bunu bacarırlar. Buna da əksər vaxt ermənidən çox erməniləşən daxilimizdəki oyunbazların hesabına nail olurlar.

Baxmayaraq ki, 10 noyabr (2020) sənədlərindən sonra hərbi əməliyyatların bitməsi ilə proses siyasi tənzimləmə mərhələsinə girdi, təəssüf ki, bu proses düşmənin informasiya əməliyyatları ilə Azərbaycan dövlətinin qələbəsini, cəmiyyətin və hökümətin həmrəyliyini pozmağa istiqamətlənib. Belə məlumatları iki qismə bölmək olar: Uydurulan yalanlarların birincisi sırf dünyanın diqqətini çəkmək, bölgəyə müdaxilə etmələri üçün, digəri isə Azərbaycanın daxilində çaşqınlıq, fikir ayrılığı yaradaraq cəmiyyəti parçalamağa hesablanıb. Bu yaxınlarda Ermənistan mətbuatı məlumat yaydı ki, Sünik (Zəngəzur) bölgəsində xidmət edən Azərbaycan hərbçiləri axşam saatlarında guya havaya atəş açırlar. Bu isə sərhəd xətti ilə bitişik olan kəndlərdə yaşayan erməniləri qorxudur. Məlumatda qeyd edilir ki, bu məsələ ilə bağlı yaxın zamanda beynəlxalq təşkilatlara şikayət edəcəklər. Təbii ki, bu məlumat təxribatdan başqa bir şey deyil. Məqsəd çox ehtimal ki, Qazaxda törətdikləri təxribatın (Fevralın 2-i səhər saat 05:00 radələrində Er­mə­nistan Silahlı Qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub) səbəbi ilə eynidir. Yəni, ermənilərin hazırda hər vəchlə çalışdıqları rus sülhməramlılarını tək Dağlıq Qarabağda yox, Azərbaycanla bütün sərhəd boyu yerləşdirilməsinə nail olmaqdır.

Düşmənin bizə qarşı bitməyəcək informasiya savaşı media və sosial şəbəkələr vasitəsilə bizim informasiya gündəmimizi təyin etməlidirmi?

Azərbaycanın əldə etdiyi tarixi qələbəyə kölgə salmaq, onun əhəmiyyətini kiçiltmək üçün ermənilər əllərindən gələni edirlər. İnformasiya platformalarında bunu etməklə daha çox effekt əldə edə biləcəklərini bildikləri üçün bu platformada bizə qarşı əsl informasiya müharibəsi aparırlar. Müharibədə Azərbaycan Ordusunun rəşadətini, qəhrəmanlığını kiçiltmək üçün hələ müharibənin getdiyi dövrdə böhtan ataraq gah başqa ölkələrin əsəgərlərinin, gah da muzdlu döyüşçülərin guya tərəfimizdən döyüşlərə cəlb edildiyini bütün dünyaya car çəkdilər. Ondan sonra Şuşanın azad edilməsi zamanı şanlı Azərbaycan əsgərinin rəşadətini kiçiltmək üçün bu şəhərin guya bizə, sadəcə, təhvil verilməsi ilə bağlı çirkin uydurmalar yazdılar və.s. Bu günlərdə isə Xocavənddə faşist Qargin Nijdeyə heykəl qoyulduğu barədə məlumat tirajladırlar və dərhal bizim sosial media istifadəçiləri ictimai rəyi bu xəbərin girovuna çevirdi. Araşdırmalar ortaya çıxartdı ki, bu heykəl həmin əraziyə hələ 2016-cı ildə qoyulub. Axı doğurdan da, iki, ya da üç ay kimi qısa müddətdə belə bir heykəli qoymaq o qədər də asan iş deyil. Belə olan halda, görəsən, həmin heykəlin müharibədən sonra yaranmış yeni şəraitdə qoyulduğunu bildirərək bu informasiyanı Azərbaycan media məkanına ötürmək və qızığın müzakirələr təşkil etmək kimin işinə yarayır? Şübhəsiz, quldur və terrorist Nijdenin heykəli oradan götürülməlidir. Bu öz yerində!

Götürək “artsaxın təhlükəsizlik şurasının katibi” kimi təqdim olunan terrorçu Vitali Balasanyanın vəziyyəti yenidən gərginləşdirmək cəhdlərini. Balasanyan Qarabağdakı ermənilərin “təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə peşəkar silahlı dəstlərin yaradıldığını da bildirib. Bir sıra ermənilər, o cümlədən jurnalistlər belə, Qarabağ canisinin cəfəngiyyatlarını ələ salıblar. Ancaq istənilən halda Azərbaycanın ərazilərində bu cür həyasızlığın uzun müddət davam etdirilməsi yolverilməzdir.Nəzərə almaq lazımdır ki, bu məlumatları bizim mediaya ötürən və bizdə necə qızığın müzakirələr getdiyini izləyən düşmən indi buradakı mənzərəyə ibliscəsinə gülümsəyir.Qələbəmiz faktdır, amma sadaladığım faktlara rəğmən məğlub etdiyimiz ermənilərlə eyni başlıqlar atırıq. Sosial mediada eyni məzmunlu statuslar yazırıq, onlar da etiraz edir, biz də. Onlar da ittiham edir, biz də.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support