Xankəndində yaxın vaxtlarda Azərbaycan bayrağı dalğalanacaq – DETALLAR

Qarabağda erməni silahlı birləşmələrinin yaxın vaxtlarda tərkisilah ediləcəyi haqqında yayılan məlumatlar doğrudur.

ZaferTv.az Milli.Az-a istinadən bildirir ki bunu açıqlamasında siyasi ekspert Fərid Əkbərov bildirib.

O bildirib ki, müharibədən sonra Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın öncədən dediklərinin hamısı düz çıxıb:

“Əslində, burada təəccüblənəcək bir şey yoxdur. Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması haqqında qərar həm 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının, həm də 11 yanvar 2021-ci il Moskva görüşünün ictimaiyyət üçün açıqlanmayan tərəfidir. Moskva-Bakı-İrəvan arasında olan bu tip məlumatların hələlik gizli saxlanılmasının səbəbi var. Çünki Qarabağdakı müharibəni uduzan tərəf olan Ermənistan cəmiyyəti hələki şokdadır. Erməni cəmiyyəti müntəzəm olaraq müharibənin şokundan ayılır. Ona görə də, bu tip məlumatlar qarşıqlılı razılaşma əsasında gizli saxlanılır. Ermənistan cəmiyyəti əvvəl-axır qəbul etməlidir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və orada ancaq Azərbaycanın qanunları keçərlidir. Hələlik Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi, Xocalı və Xocavənddə də yaxın vaxtlarda Azərbaycan bayrağı dalğalanacaq.

M.MinasyanDigər maraqlı məqam isə bu tip gizli məlumatların keşmiş prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keşmiş səfiri Mikael Minasyan tərəfindən yayılmasıdır. Xatırladım ki, indiyə kimi Bakı-İrəvan-Moskva arasındakı bütün danışıqlar barədə ilkin məlumatları ictimaiyyətə Minasyan ötürüb. Paşinyanın 9 noyabrdan 10 noyabra keçən gecə kapitulyasiyaya imza atmasını, 11 yanvar Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi barədə xəbərləri ilk Minasyan açıqlamışdı. İndi Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin tərkisilah ediləcəyi ilə bağlı xəbər də onun tərəfindən yayılıb. Əminliklə demək olar ki, bu xəbər də doğrudur. Minasyanın bu xəbərləri əvvəlcədən yaymaqda məqsədi Ermənistan cəmiyyətini Paşinyan hakimiyyətinə qarşı qaldırmaqdır”.

F.Əkbərov deyib ki, Kremlə Paşinyanın hakimiyyətdə qalması sərf edir:

“Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan cəmiyyəti yavaş-yavaş Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməyə, müharibənin nəticələri ilə barışmağa başlayır. Təbii ki, bu məqam Qarabağ klanının maraqlarına uyğun deyil. 30 il ərzində erməni xalqını talayan Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanı revanşist ideyalarla yaşayır. Onlar Paşinyanı devirməyi planlaşdırırlar. Ermənistan əhalisindən əlini üzən Qarabağ klanı bu məsələdə Moskvaya ümid edirdi. Lakin görünən odur ki, Kremlə Qarabağla bağlı üçtərəfli bəyanata imza atan və onun şərtlərini yerinə yetirən Paşinyanın hakimiyyətdə qalması sərf edir. Qarabağ klanı da bu məqamla razılaşmağa məcburdur. Artıq bunun ilk işartılarını görmək mümkündür. Qarabağ klanının liderləri sayılan Robert Köçəryanın Moskvaya səfər etməsi ilə bağlı məlumatlar yayılıb. Ermənistan məhkəməsi onun beş günlüyə ölkə xaricinə getməsinə icazə verib.

Fikrimcə, Köçəryan bir daha Ermənistana qayıtmayacaq. Rusiyada böyük biznesi olan Köçəryan Ermənistana qayıdandan sonra yenidən həbs olunmaq təhlükəsinin olduğunu yaxşı bilir. Onu da yaxşı bilir ki, bir daha Ermənistan əhalisi Qarabağ klanına, məhz Köçəryanın özünə ölkəyə rəhbərlik etməyə imkan verməyəcək. Ona görə də, Köçəryan Moskvadan İrəvana qayıtmayacaq. “AFK Sistema” Holdinqin İdarə heyətinin üzvü olan Köçəryanın çox güman ki, Rusiya vətəndaşlığı da mövcuddur. O, Ermənistana rəhbərlik etdiyi dövrdə dünyadakı erməni diasporunun ayırdığı külli miqdarda vəsaitləri Rusiya və MDB ölkələrindəki biznesinə yatırıb. Bu biznes ona və ailəsinə bir ömür bəs edər. Bu səbəbdən də həbs təhlükəsi keçməyən Köçəryan İrəvana geri qayıtması inandırıcı deyil. Məncə, bunu Paşinyan da yaxşı bilir. Köçəryanın Moskvadan geri qayıtmaması ilə bağlı onlar arasında əvvəlcədən razılığın olması da mümkündür”.