Azərbaycanın icazəsi olmadan heç bir əcnəbi Qarabağa səfər edə bilməz

44 günlük müharibənin nəticəsi olaraq imzalanmış 10 noyabr bəyanatı Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən fundamental sənəddir. Sənəddə Qarabağın dağlıq hissəsinə hər hansı xüsusi bir statusun verilməməsi bu ərazinin Azərbaycanın tərkib hissəsi olduğunu təsbit edir. Bu bəyanatın davamı olaraq 11 yanvar tarixində Moskvada imzalanmış üçtərəfli sənəd də status məsələsinin birdəfəlik arxivə qovuşduğunu göstərdi. Beləliklə, Azərbaycan dövləti erməni işğalçılığına son qoymaqla həm də post-konflikt dövrünün geosiyasi reallıqlarını formalaşdırmış oldu. Artıq hər kəs bu reallıqlarla barışmağa məhkumdur.

ZaferTv.az bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, təəssüf ki, müharibə başa çatandan bir qədər sonra Qərb siyasi dairələrinin yeni geosiyasi konfiqurasiyadan narazı qaldığını müşahidə etdik:

“Bu, Azərbaycanın icazəsi olmadan bir sıra avropalı siyasilərin Qarabağa qanunsuz səfərlərində özünü göstərirdi. Bundan başqa, Ermənistan rəsmilərinin də oxşar qanunsuz əməllərə əl atdığını gördük. Bütün bunlar yeni reallıqların çərçivəsini aşan əməllər idi. Buna görə də Prezident İlham Əliyev açıq şəkildə həm Ermənistana, həm də sülhə zəmanətçi funksiyasını üzərinə götürmüş Rusiya sülhməramlılarına ciddi xəbərdarlıqlar etdi. Bu mənada, Azərbaycan Prezidentinin 7 yanvar 2021-ci il tarixində keçirilmiş ötən ilin yekunlarına dair müşavirədə ifadə etdiyi fikirlər xüsusilə əhəmiyyətlidir: “…biz sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

Bu, Azərbaycan rəhbərliyinin qətiyyətli və dəyişməz mövqeyidir. Ötən zaman çərçivəsində cərəyan edən hadisələr onu göstərdi ki, dövlət başçımızın dəmir iradəsi destruktiv qüvvələrin geri addım atmasına səbəb olmuşdur. Fransadan qanunsuz yolla Qarabağa səfər etmək istəyənlərin sülhməramlı qüvvələr tərəfindən geri qaytarılması məhz bu amilin təzahürüdür.

Görünür, sülhməramlı qüvvələr Azərbaycan Prezidentinin xəbərdarlığından ciddi nəticə çıxararaq nəhayət öz mandatlarına uyğun fəaliyyət həyata keçirməyə məcbur qalıblar. Hadisələr bundan sonra da bu istiqamətdə inkişaf etməlidir. Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz”.