“Bu şəxslər cərimə oluna bilər”- Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi velosiped sürücülərinə müraciət edib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov ZaferTv.az-a bildirib ki, velosiped sürücüləri bütün yol hərəkəti qaydalarına riayət etməlidir.

Onun sözlərinə görə, velosiped sürücüləri digər nəqliyyat vasitələrinin sürücüləri kimi yollardakı nişanların, svetoforların tələblərinə birmənalı şəkildə riayət etməli, o cümlədən digər nəqliyyat vasitələrinin sürücüləri kimi sağa və ya sola dönən zaman əl işarəsi ilə dönmə siqnalları verməlidirlər:

“Velosipedin ümumi istifadədə olan yolda idarə edilməsinə 14 yaşdan icazə verilir. Lakin biz dəfələrlə uşaqların yolda velosipedlə hərəkətinin şahidi oluruq. Bu isə həm təhlükəli, həm də qanunvericiliyin tələbinə ziddir”.

V.Əsədov qeyd edib ki, səkilərdə və piyada yollarında velosipedlərin hərəkəti qadağandır:

“Velosiped sürücüləri yolun hərəkət hissəsinin yalnız sağ kənarı ilə və piyadaların hərəkətinə mane olmamaq şərtilə yol çiynində hərəkət edə bilərlər. Qanunvericilikdə velosiped sürücülərinin təhlükəsizlik dəbilqələrindən istifadə etməsi məcburi olmasa da, tövsiyə edirik ki, öz təhlükəsizliklərini qorumaq üçün dəbilqələrdən istifadə etsinlər. Bundan əlavə velosipedi idarə etməyə mane olan yükün daşınması da qadağandır. İdarə edilməsinə mane olan o deməkdir ki, velosipedin sükanını tutmağa çətinlik yaradan, ağır olduğuna və ya ləngər vurduğuna görə velosipedin aşması təhlükəsini doğuran, sürücünün öz yerində rahat oturmasına mane olan hallar nəzərdə tutulur. Həmçinin iki və daha çox zolağı olan yollarda sola dönmək və piyada keçidindən keçmək istəyərkən, sürücü velosipeddən düşməli və velosipedi əli ilə itələyərək yolu digər istiqamətə keçməlidir. Çox təəssüf ki, velosipedçilər bu qaydalara riayət etmirlər”.

“Şübhəsiz ki, bu qaydaların pozulmasına görə qanunvericilikdə inzibati məsuliyyət tədbirləri də nəzərdə tutulub. Yəni velosiped sürücüsü sadalanan qayda pozuntularını törədərsə, yol polisi tərəfindən saxlanılaraq cərimə oluna bilər”, – V.Əsədov bildirib.

Xatırladırıq ki, velosipedçilərin hüquq və vəzifələri “Yol Hərəkəti Haqqında Qanun”un 38-ci və 46-cı maddələri ilə tənzimlənir.

Həmçinin, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi ölkədə xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı da sürücülərə müraciət edib.

İdarənin İctimaiyyətlıə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev Trend-ə bildirib ki, son günlər koronavirus (COVID-19) infeksiyasına yoluxan insanların sayının azalması və respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması ötən günlərlə müqayisədə yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin, eyni zamanda sürücülər tərəfindən törədilən yol hərəkəti qayda pozuntularının sayının artmasına təsir edib:

“Belə ki, respublika ərazisində gün ərzində ümumilikdə 11-12 min fakt (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınan 6-7 min fakt) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın aşkar edilməsi, dövlət yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq ağır yol-nəqliyyat hadisələrinin də baş vermə riskini artırır.

Qeyd olunanları nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün, Baş DYP İdarəsi bir daha bütün sürücülərdən intizamlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support