“Qarabağda proseslər bizim arzuladığımız məcrada gedir” – İlqar Vəlizadə

“Bəlkə də Fransadan bir qrup jurnalist, ictimai xadimin Dağlıq Qarabağa qanunsuz səfərinin qarşısının alınması Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətə başlaması ilə bağlıdır”.

ZaferTv.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağdakı prosesləri Ermənistanın daxili siyasi vəziyyətini nəzərə alaraq ictimiləşdirməkdən çəkinirlər:

“Ola bilər ki, monitorinq mərkəzi fəaliyyətə başlamasaydı başqa mənzərə yaşanardı. Bununla bağlı biz yalnız irəli ehtimal sürə bilərik. Proseslər bizim arzuladığımız istiqamətdə inkişaf edir. Belə ki, Ermənistan tərəfindən yayılan informasiyalara görə bu regiondan orada qalan silahlı birləşmələr, hərbi texnika çıxarılır, hərbi anbarlar boşaldılır. Bunu rəsmi olaraq açıq etiraf etməsələr də müxtəlif informasiyalar bunu təsdiq edir. 

Yenə də erməni mənbələri bildirirlər ki, onların qondarma xarici işlər nazirliyi ləğv oluna bilər. Digər mənbələrdən sızdırılıb ki, güya razılığa gəlinib ki, qondarma rejimin ordusu ləğv oluna bilər. Bu informasiyalar məhz bu ərəfələrdə yayımlanır. Bu ondan xəbər verir ki, doğrudan da regionda proseslər bizim arzuladığımız məcrada gedir. Bəlkə də ictimaiyyətimiz bunun daha sürətlə getməyini istərdi. Amma yəqin ki, Ermənistanın daxili siyasi vəziyyətini nəzərə alaraq bu prosesi ictimiləşdirməkdən çəkinirlər.

Mən Fransa tərəfini başa düşə bilmirəm. Fransaya dəfələrlə Azərbaycan tərəfindən nota verilib ki, rəsmi Paris öz vətəndaşlarının Dağlıq Qarabağ regionuna səfərlərdən çəkindirməldir, yaxud da onlara xəbərdarlıq etməlidir ki, bu, qeyri-qanunidir. Amma burada vəziyyət onu göstərir ki, nəinki Fransa höküməti bunu demir, eyni zamanda rəvac yaradırlar. Fransanın Ermənistandakı səfiri hansı əsaslarla Fransa vətəndaşlarının Dağlıq Qarabağa səfərini təşkil edir? Bu, tamamilə yolverilməzdir. Əlbəttə ki, bizim XİN bununla bağlı yenə də Fransa tərəfinə bir nota verməlidir ki, diplomatlar bu səfərlərin qeyri-qanuni hərəkət olduğunu bilməlidirlər. Sadə adamlar bunu bilməyə bilərlər ki, Azərbaycanın ərazisinə rəsmi Bakının icazəsi olmadan səfər etmək olmaz. Amma diplomatlar bunu bilməlidirlər axı. Hələ vasitəçilik missiyasını yerinə yetirmək istəyirlər. Nə vasitəçilik missiyası?! Belə yanaşma ilə heç bir vasitəçilik missiyasından söhbət gedə bilməz”.

Qeyd edək ki, Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Bir neçə gün əvvəl Ermənistana Dağlıq Qarabağa getmək və orada baş verənlərə öz gözləri ilə baxmaq üçün keçmiş merlərdən birinin başçılığı ilə Fransadan bir qrup jurnalist, ictimai xadim, fikir liderləri gəlmişdi. Onları rəsmi olaraq akkreditə etdilər və onlar Stepanakertə (Xankəndi) yola düşdülər. Laçında onları sülhməramlılar saxlayıb və hara getdiklərini soruşub. Jurnalistlər “Stepanakert” deyəndə və akkreditə olunduqlarını göstərdikdə, sülhməramlılar onlara girişi qadağan edib və deyiblər ki, siz Azərbaycan ərazisinə daxil olursunuz və Ermənistanda edilən akkreditə keçərli deyil. Əgər daxil olmaq istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin. Nümayəndə heyəti Yerevana – Fransa səfirinin yanına qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyan ilə əlaqə saxlayır və nə baş verdiyini başa düşməyə çalışır. Nikol isə ona cavabında deyir ki, yanvarın 11-də biz razılığa gəlmişik ki, beynəlxalq media Azərbaycanda akkreditasiyadan keçməlidir, və ümumiyyətlə, onlar bu işlərə qarışmasa daha yaxşıdır. Conatan Lakota susmaqdan başqa heç nə qalmır” açıqlamasını edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support