Qarabağda vəziyyət dəyişir – Düşmənin Xankəndi planı MƏHV OLUR

10 Noyabr (2020) sənədlərindən sonra müharibənin ikinci, daha çətin fazası başladı. 44 günlük bəlli dönəmdə bir yumruq kimi birləşməyi bacaran xalqı parçalamaq, narazılıq yaratmaq üçün düşmənin əlində bir neçə səbəb var idi. Xankəndi, Xocalı, Xocavəndin qalan hissəsinin hələ də Azərbaycana təhvil verilməməsi haqlı olaraq daxili auditoriyada ciddi narahatlıqla müşahidə olunmağa başladı. Lakin Vətən müharibəsi müddətində hər açıqlamasının arxasında dayandığını əməli fəaliyyəti ilə təsdiqləyən Prezident İlham Əliyev ermənilərin sıx yaşadığı bu üç rayonun Azərbaycanın idarəçiliyinə tam keçməsi üçün bir az vaxta ehtiyac olduğunu yaxşı bildiyindən xalqa dəfələrlə müxtəlif müraciətlərində “Mən nəyi, nə vaxt, necə etməyi yaxşı bilirəm” ifadələrini işlətməklə hər şeyin bizim istədiyimiz kimi bitəcəyinə bir işarə edirdi. Buna baxmayaraq hər ötən gün, xüsusən də sosial şəbəkələrdə bu mövzuda narahatlığın səngimədiyini müşahidə edirik.

Azərbaycan ictimiyyəti arasında vəziyyətin belə gərginləşdirilməsi kimə sərf edir?!

Feyk profillərlə müxtəlif səhifə və qruplarda anoloji durumu tez-tez gündəmə gətirən şəxslər dövlətə qarşı narazılıq toxumu səpməklə vəziyyət xeyirimizə olduğu halda əksimizə döndərməyə cəhd edirlər. Bəli, xeyirimizə!

Elə son günlər ard-arda baş verən hadisələr belə düşünməyimizə əsas verir. Və bir daha Azərbaycan dövlət başçısının nəyi nə vaxt etməyi yaxşı bildiyini təsdiq edir. Belə ki, Ermənistanın keçmiş prezidenti, Qarabağ klanının iki əsas üzvündən biri Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keşmiş səfiri Mikael Minasyanın son açıqlaması həm erməni cəmiyyəti üçün, həm də Azərbaycandakı narazı qruplara vəziyyətin nə yerdə olduğunu göstərdi. M.Minasyan “Bir neçə gün əvvəl Ermənistana Dağlıq Qarabağa getmək və orada baş verənlərə öz gözləri ilə baxmaq üçün keçmiş merlərdən birinin başçılığı ilə Fransadan bir qrup jurnalist, ictimai xadim, fikir liderləri gəlmişdi. Onları rəsmi olaraq akkreditə etdilər və onlar Stepanakertə (Xankəndi) yola düşdülər. Laçında onları sülhməramlılar saxlayıb və hara getdiklərini soruşub. Jurnalistlər “Stepanakert” deyəndə və akkreditə olunduqlarını göstərdikdə, sülhməramlılar onlara girişi qadağan edib və deyiblər ki, siz Azərbaycan ərazisinə daxil olursunuz və Ermənistanda edilən akkreditə keçərli deyil. Əgər daxil olmaq istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin. Nümayəndə heyəti Yerevana – Fransa səfirinin yanına qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyan ilə əlaqə saxlayır və nə baş verdiyini başa düşməyə çalışır. Nikol isə ona cavabında deyir ki, yanvarın 11-də biz razılığa gəlmişik ki, beynəlxalq media Azərbaycanda akkreditasiyadan keçməlidir, və ümumiyyətlə, onlar bu işlərə qarışmasa daha yaxşıdır. Conatan Lakota susmaqdan başqa heç nə qalmır” deməklə erməni cəmiyyətini real mənzərə il tanış etməyə çalışıb.

Qeyd edim ki, indiyə kimi Bakı-İrəvan-Moskva arasındakı bütün danışıqlar barədə ilkin məlumatları ictimaiyyətə Minasyan ötürüb. Paşinyanın 9 noyabrdan 10 noyabra keçən gecə kapitulyasiyaya imza atmasını, 11 yanvar Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi barədə xəbərləri ilk Minasyan açıqlamışdı. Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin tərkisilah ediləcəyi ilə bağlı xəbər də onun tərəfindən yayılıb. Əminliklə demək olar ki, bu xəbər də doğrudur. Minasyanın bu xəbərləri əvvəlcədən yaymaqda məqsədi heç kimə sirr deyil ki, Ermənistan cəmiyyətini Paşinyan hakimiyyətinə qarşı qaldırmaqdır.

Dağlıq Qarabağa bu qanunsuz səfər cəhdinin rus sülhməramlıları tərəfindən qarşısının alınmasının Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətə başlamasından sonra baş verməsi xüsusilə diqqət çəkir. Hadisə belə deməyə əsas verir ki, Türkiyənin bölgəyə gəlişi Azərbaycana qarşı törədilə biləcək təxribatların qarşısını almaq baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Buradan bir daha aydın olur ki, Prezident İlham Əliyev çox şeyi son Moskva görüşündə (11 yanvar 2020) həll edib. Sadəcə, heç bir maneə ilə üzləşmədən proseslərin plan üzrə Azərbaycanın xeyrinə həyəta keçməsi üçün bir qədər səbrli davranmağa ehtiyac var. Xankəndinin Azərbaycana təhvil verilməsi zaman tələb edəcək. Prezidentin siyasəti onu deməyə əsas verir ki, emosiya, əsəblə dövləti idarə etmək olmaz, gücümüzə baxıb, ölçülü-biçili addımlar atmalıyıq. Qonşuların hamısını, xüsusilə bizdən böyüklərlə diqqətli davranmalıyıq. Onları da bəlli məsafədə, amma yaxınımızda tutmalıyıq. 

Azərbaycan Vətən müharibəsindəki Zəfərini diplomatik müstəvidə möhkəmləndirmək üçün bütün imkanlarını səfərbər edib. Belə ki, Prezidentin köməkçisi Hikmət Hacıyev və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonuna səfər ediblər. Səfir və hərbi attaşelərin, beynəlxalq təşkilat nümayəndələrinin Qarabağa səfəri, erməni vandallığının dünyaya tanıdılması baxımından növbəti önəmli addım idi. Səfər çərçivəsində diplomatlardan İtaliyanın və Britaniyanın ölkəmizdəki səfirləri həqiqətləri dünya ictimiyyətinə çatdırmaq baxımından olduqca vacib açıqlamalarla diqqət çəkiblər.

Cəbrayıl rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın “Bu gün işğaldan azad olunmuş Cəbrayıldayam. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgəyə ilk səfərimdir. Buranı görmək mənim üçün maraqlıdır. Kənardan baxdıqda bura kiçik bir şəhərə bənzəyir. Lakin yaxınlaşdıqda gördük ki, bura tamamilə dağıdılıb və ruhlar şəhəri olub” sözləri erməni vandallığını özündə açıq şəkildə ehtiva edib.

Regiondakı bütün bu hadisələrin fonunda Ermənstanda tam əksi müşahidə olunur. İrəvan-Moskva reysi üçün bir tərəfli biletin qiyməti 700 dollara qədər qalxıb. Ermənilərin 70%-i əsasən geriyə dönüş bileti almadan Rusiyaya üz tuturlar. Qarabağda demoqrafik vəziyyəti süni şəkildə dəyişmək cəhdləri edən Ermənistan əli aşından da olur, vəli aşından da. Bölgədəki geosiyasi vəziyyət sürətlə Azərbaycanın xeyirinə dəyişməkdə davam edir. Ermənilər dövlət sərhəddində mövqelərini geri çəkməyə başlayıb. Onlar bildirirlər ki, bu qərar yuxarıdan gəlib və onların geri çəkildiyi mövqelərə Azərbaycan Ordusu yerləşməyə başlayıb.

Təhməz Əsədov

Milli.Az

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support