Qış hərbi çağırışı elan edildi, məlum oldu ki, çağırışçı yoxdur…

Dağlıq Qarabağın işğal altında olan hissəsində cinayətkar rejim “Müdafiə Ordusu” adlandırdıqları silahlı qüvvələrdə xidmət etmək üçün qış çağırışına start verib.

ZaferTv.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə cinayətkar rejimin müdafiə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Çağırışçıların püşkatma yolu ilə hərbi hissələrə göndəriləcəyi deyilir. Müharibədən sonra bu Qarabağ ermənilərinin ilk hərbi çağırışıdır.

Əslində, 10 noyabr razılaşmasına görə Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır. Rusiya sülhməramlıları bu çağırışı qadağan edə bilər. Reallıqda isə bu çağırış qatil Vitali Balasanyan tərəfindən təşkil olunan təbliğat xarakterli bir şoudur. Hətta, hal-hazırda Qarabağda yaşayan ermənilər arasında 18 yaşına çatmış gənclərin sayı demək olar ki, heç 50 nəfər deyil. Bu günlərdə Rusiyaya açılan aviareyslərin sərnişinlərinin əksəriyyəti məhz çağırış yaşı çatmış gənclər olublar. Erməni analar övladlarını bir daha müharibəyə göndərməmək üçün ölkədən, o cümlədən Dağlıq Qarabağdan qaçırırlar…