Türkiyə-İsrail münasibətləri

Son günlər dünya siyasi arenasının əsas müzakirə mövzularında biri də Türkiyə və İsrail arasında münasibətlərin bərpa edilməsidir. Bu münasibətlərin bərpası həm ikitərəfli əməkdaşlıq, həm də regional məsələlərin həlli baxımından olduqca faydalıdır. 1949-cu ildə Türkiyə və İsrail arsında diplomatik sahədə münasibətlərin quruldu. Türkiyə İsraillə diplomatik münasibətlər quran ilk müsəlman dövləti oldu və tərəflər arasında diplomatik, hərbi, strateji, təhlükəsizlik sahəsində dərin əməkdaşlıq formalaşdı. Türkiyən-İsrail münasibətlərinin tarixinə nəzər salsaq, bəzi vaxtlarda aralarında ziddiyət mövcud olmuşdu. Bu məsələ özünü 1956-cı ildə baş vermiş Süveyş böhranı və 1967-ci ildə İsrail və ərəb ölkələri arasında baş vermiş 6 günlük müharibədə özünü göstərdi. Buna baxmayaraq, pərdə arxasında tərəfələr arasında münasibətlər daima möcvud olmuşdu. 90-cı illərdə də Türkiyə-İsrail münasibətlərində həm ziddiyət, həm də əməkdaşlıq olmuşdur. Təbii ki, ərəb ölkələri ilə münasibətləri olmayan İsrail üçün Türkiyə Yaxşın Şərqdə ən önəmli tərəfdaşlardan biri idi. Ziddiyətlərin olmasına baxmayaraq tərəflər arasında iqtisadi və hərbi sahədə daima əlaqələr mövcud olmuşdu. Bunu 1996-cı ildə Türkiyə və İsrail arasında imzalanmış sərbəst ticarət anlaşması sübut edir. Türkiyə və İsrail arsında hərbi sahədəki əməkdaşlığı həcmi 2 milyard dollardan artıqdır.

2000-ci illərin əvvəllərinə qədər Türkiyə və İsrail hərbi, siyasi və strateji sahədə daha yaxşı münasibətlərə sahib idilər. Hətta bu dövrdə İsrail Ankarada səfirlik və İstanbulda konsulluq açdı. 2002-ci ildə Ərdoğanın hakimiyyətə gəlməsindən sonra Türkiyə-İsrail münasibətlərində yeni mərhələ başladı. 2005-ci ildə hərbi, iqtisadi və siyasi əlaqələri daha da möhkəmləndirmək məqsədi ilə Ərdoğan İsrailə səfər etdi. Bu səfər çərçivəsində baş nazir Ariel Şaron və prezident Moşe Kasav ilə görüşdü. 2008-2009-cu illərdə tərəflər arsında münasibətlər yenidən gərginləşməyə başladı. 2009-cu ildə Davosda baş verənlər Türkiyə-İsrail münasibətlərinə ciddi zərbə vurdu. 31 may 2010-cu il Aralıq dənizində baş vermiş “Mavi Marmara” hadisəsi vəziyyəti daha da ağırlaşdırdı. Türkiyə höküməti hadisə ilə bağlı üzr istəməsini və təzminat ödəməsini tələb etsə də, İsrail höküməti bu tələbi rədd etdi. Siyasi sahədə münasibətlərin gərgin olması iqtisadi münasibətlərə təsir göstərmədi. Tərəflər arasında iqtisadi sahədə əməkdaşlıq davam etdirildi. 22 mart 2013-cü ildə İsrail baş naziri Benyamin Netanyahu ilə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutdu və bu danışıq zamanı İsrail baş naziri “Mavi Marmara” hədisəsi ilə bağlı üzr istədi və təzminat ödəməyə razı olduqlarını bildirdi. Bu hadisədən sonra Türkiyə-İsrail münasibətləri yenidən istiləşməyə başladı. Türkiyə səfiri 12 dekabr 2016-cı ildə Təl-Əvivdə fəaliyyətə başladı. İki il sonra ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq Türkiyə səfirini geri çağırdı. 2020-ci ilin dekabr ayında isə tərəflər arasında əlaqələrin bərpası haqqında yenidən razılığa gəlinib. 2019-cu ildə Türkiyə və İsrail arasında ticarət dövriyyəsi 4,5 milyard dollardan artıq olmuşdu. Qurulduğu ilk vaxtlardan bu günə kimi Türkiyə və İsrail arasındakı diplomatik münasibətləri araşdırdıqdan sonra bəzi suallar yaranır: Tərəflər arasında münasibətlərin pozulmasının detalları nələrdən ibarətdir? Türkiyə və İsrail arasındakı müasibətlər hansı səviyyəyə qalxmaq imkanına malikdir? Münasibətlərin bərpası kimlər üçün faydalı ola bilər?

Prosesləri daha ətraflı şəkildə araşdırdıqda tərəflər arsında münasibətlərin pozulmasında bir neçə səbəblər ortaya çıxır. Türkiyənin regionun böyük müsəlman dövlətlərindən biri olaraq Fələstinə dəstək verməsi, regional güc kimi regionda mövcud olan digər müsəlman dövlətlərinin ciddi etirazı ilə qarşılaşmaq niyyətinin olmaması və müsəlman dünyasında xüsusi imic qazanmaq və s. səbəblər arasındadır. Hadisələrin gedişi onu göstərir ki, Türkiyə və İsrail arasında münasibətlər bərpa olunsa da, bu münasibətlər orta səviyyəli münasibət olmaqla yanaşı, həm də kövrək olacaq. Bunu əvvəlki münasibətlərə əsaslanaraq  demək mümkündür. Türkiyənin İsraillə münasibətlərini bərpa etməsi öncə tərəflər, sonra isə regionun gələcəyi baxımından faydalı olacağını hesab etmək olar.

Bu gün həm Türkiyə, həm də İsraillə Azərbaycan arsında ikitərəfli yüksək səviyyəli münasibətlər mövcuddur. Türkiyə Azərbaycanla dost və qardaş dövlət olduğu halda İsrail Azərbaycanla ən yaxın müttəfiq və tərəfdaş dövlətdir. Azərbaycanın müstəqillik əldə etməsindən sonra həm Türkiyə, həm də İsraillə sıx siyasi, iqtisadi və hərbi əməkdaşlıq edir. II Qarabağ müharibəsində Türkiyə və İsrail Azərbaycana hərtərəfli dəstək verən dövlətlərdən oldular. Türkiyə və İsrail arasında diplomatik münasibətlərin bərpası Azərbaycan üçün də vacib əhəmiyyətə malikdir.

Samir Hümbətov, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti