Əsgərlərimiz erməniləri Arzu Xatuna yaxın buraxmadılar

Ermənistan vətəndaşları olan bir qrup şəxs fevralın 7-də Kəlbəcər rayonundakı Xudavənj monastırına yollanmaq istəyiblər.

Onların dediklərinə görə, Xankəndidə Rusiyanın sülhməramlı missiyasından müvafiq icazə almışdılar.

Onlar Xudavəng monastır kompleksindəki Arzu Xatun kilsəsində dua etmək istədiklərini bəyan etmişdilər.

Lakin monastırın qarşısında onları Azərbaycan Ordusunun əsgərləri saxlayıblar. Yoxlamadan sonra ermənilər monastıra buraxılmayıblar.

Səbəb bu “ziyarət”in hərbçilərimizlə əvvəlcədən razılaşdırılmaması olub.

Ermənilər Xankəndinə dönmək məcburiyyətində qalıblar.

Əldə etdiyimiz məlumata görə, insidentin səbəbi “zəvvar” ermənilərin saylarının rusiyalı sülhməramlılara bildiriləndən çox olması olub.

Bir nəfərə alınmış icazə ilə bir neçə nəfərin monastıra daxil olması isə razılaşmaların kobud şəkildə pozulmasıdır.

Kəlbəcər rayonundakı Vəng kəndində yerləşən Xudavəng monastırı Azərbaycanda ən böyük monastır kompleksi, alban tarixi-memarlıq abidəsidir.

Xudavəng monastırına dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilib. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilib.

Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı, alban Vaxtanqın həyat yoldaşının göstərişi əsasında inşa olunub.

Orxan Hun

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support