“Ermənistan əsgərinin Qarabağda hərbi xidmət keçməsi artıq mümkün deyil”

Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlatdığımız Vətən müharibəsi sonda düşmənin alçaldıcı məğlubiyyəti ilə başa çatdı. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük müharibə zamanı işğal altındakı torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdı. Bu müharibədə acınacaqlı məğlubiyyətə düçar olan işğalçı Ermənistan noyabrın 10-da üctərəfli bəyanata imza atmaqla öz məğlubiyyətini rəsmən etiraf etmiş oldu. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi. Eyni zamanda, bu il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalan Bəyanat regionda əbədi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır.

Zafer TV bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, həm ötən il noyabrın 10-da müharibənin başa çatması ilə bağlı imzalanan üştərfli bəyanat, həm də bu il yanvarın 11-də Moskvada imzalanan Bəyanat hərb meydanında qalib gələn Azərbaycanın diplomatik meydanda da diktə edən tərəf olduğunu bütün dünyaya nümayiş etdirdi.

V.İskəndərov vurğulayıb ki, bütün dünya bilir ki, Azərbaycan bu müharibədə Ermənistana açıq üstünlüklə qalib gəlib, öz əzəli torpaqlarını işğaldan azad edib:

“Hazırda isə proses masada davam etdirilir və burada da başqa şərtlər var. Təbii ki, həmin şərtləri də məhz müharibədən qalib ayrılan Azərbaycan diktə edir. Məlum olduğu kimi, Azərbaycan işğalçı Ermənistan üçün kapitulyasiya aktı kimi dəyərləndirilən və 2020-ci ilin 10 noyabrında imzalanan bəyanatın dəqiqliklə icrasını tələb edib. Bu baxımdan, 2021-ci il yanvarın 10-da Rusiya paytaxtında imzalanan Bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir. Moskva bəyanatından sonra atılan addımlar isə bu istiqamətdə işlərin nəzərdə tutulduğu kimi getdiyinə işarə edir. Yəni artıq “Dağlıq Qarabağ problemi” deyilən bir məsələ yoxdur”.

Deputatın sözlərinə görə, elə Ermənistan KİV-ində yayılan son məlumatlar da deyilənləri təsdiqləyir: “Həmin məlumatlarda deyilir ki, bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək. Belə ki, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb və bəlli olub ki, müddətli həqiqi hərbi xidmətə çağırılanlar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər.

Göründüyü kimi, işğalçı ölkənin siyasi-hərbi rəhbərlliyi artıq reallıqla barışmaq zorundadır. Bu reallıq isə Ermənistan əsgərinin Qarabağda hərbi xidmət keçməsini qətiyyən yolverilməz edir. Çünki Qarabağın dağı da, aranı da Azərbaycan torpağıdır və bu torpaqlarda da ancaq şanlı Azərbaycan əsgərləri hərbi xidmət keçəcək. Düzdür, Ermənistanda bəzi revanşist qüvvələr bu məsələyə də etiraz edir, öz işğalçı təfəkkürlərindən əl çəkmirlər. Lakin hər kəs anlamalıdır ki, Ermənistanın əldə edilən razılaşmalara əməl etməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə, Azərbaycanın dəmir yumruğu bir daha onların başına endiriləcək”