ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva elm sahəsində gender boşluğunun doldurulması üçün üzv dövlətlərə çağırış edib

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Zafer TV AZƏRTAC-a istinadən bildirir ki, bu faktları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdəki çıxışında səsləndirib.

Mehriban Əliyeva qeyd edib ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda isə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.

ICESCO-nun xoşməramlı səfiri qismində bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti deyib: “Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support