“Məni niyə?” – Ramiz Mehdiyevin məhkəməyə verdiyi deputatlar danışdı

“Məlumat təsdiqini taparsa, qanun çərçivəsində adekvat davranış nümayiş etdirəcəm”.

Zafer TV xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin özü də daxil olmaqla, Milli Məclisin 15 deputatını məhkəməyə verməsini şərh edərkən deputat Fəzail Ağamalı deyib:

“Məlumatı xəbər saytlarından oxudum. Hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Məhkəmədən də hər hansı bildiriş almamışam. Ramiz Mehdiyevin öz hüququndan istifadə edərək, məni və digərlərini məhkəməyə verməsilə bağlı əlimdə təsdiq olunan məlumat olmadığından fikir bildirmək istəmirəm. Məlumat rəsmi təsdiqini taparsa, bizdə Azərbaycan qanunları çərçivəsində hüquqlarımızı qorumaq üçün davranışlarımızı ortaya qoyacağıq”.

“Məsələ təsdiqini tapsın, baxarıq”.

Bu sözləri deputat Elman Nəsirov söyləyib: “Hələlik məlumat rəsmi təsdiqini tapmayıb. Qoy, təsdiqini tapsın, sonra baxarıq”.

“Məni niyə məhkəməyə verib?”

Deputat Siyavuş Novruzov sualla bağlı bunları deyib: “Məhkəməyə veribsə, gedərik məhkəməyə. Burada nə var ki? Amma maraqlıdır, məni niyə məhkəməyə verib? Həmişə doğru bildiklərimi söyləmişəm, bu günə qədər heç kimi təhqir etməmişəm”.

“Sözümüzü demişik”.

Deputat Məlahət İbrahimqızının məsələyə münasibəti isə qısa olub: “Bu məsələyə zamanında cavab verdiyimdən üzərində geniş dayanmaq istəmirəm”.