Məscidlər nə vaxt açılacaq? – QMİ cavab verdi

Azərbaycanda bir ildən çoxdur ki, dini ibadət yerləri və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb.

Zafer Tv baku.ws-ə istinadən bildirir ki, buna səbəb pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin tədbirləridir.

Ölkədə koronavirusa yoluxanların sayında azalmanın müşahidə edilməsi ölkədə karantin qaydalarının yumşalması ilə nəticələnib. Bir çox sahələrə qoyulan qağalar götürülüb, ölkədə həyat əvvəlki vəziyyətə qayıtmaqdadır.

Mövcud vəziyyətdə Azərbaycanda fəaliyyətinə qadağa qoyulan məscidlər, ziyarətgalar və digər ibadət ocaqlarının fəaliyyətini müəyyən şərtlərlə nə vaxt bərpa edəcəyi böyük maraqla gözlənilir. Bu məsələyə münasibət öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənliyə müraciət etdik. QMİ rəsmisi baku.ws-ə açıqlamasında bildirdi ki, yaxın gələcəkdə yoluxma bu şəkildə davam edərsə, məscidlərin də açılması məsələsi müzakirə oluna bilər:

“Pandemiya dövründə inanclı insanlar qaydalara kamil şəkildə əməl edirlər. Hətta bu istiqamətdə din xadimləri də insanlara müraciət ediblər ki, məscidlərə toplaşılmasın. Çünki bu, yoluxmanın sayının artmasına səbəb ola bilərdi. Hazırkı vəziyyətdə yoluxma dinamikasında müsbət tendensiya müşahidə olunur və yoluxanların sayı azalmaqdadır. Bu da karantin rejiminin yumşaldılmasına gətirib çıxarır.

Fikrimcə, yaxın gələcəkdə yoluxma bu şəkildə davam edərsə, məscidlərin də açılması məsələsi müzakirə oluna bilər. Çoxsaylı inanclı insanlar məscidlərdə ibadətlə bağlı bizə müraciət edir və öz arzularını ifadə edirlər. Düşünürük ki, bu məsələ Operativ Qərargahla da müzakirə oluna bilər. Məscidlərdə namazlar ilkin mərhələdə fərdi şəkildə icra oluna bilər. Sonradan qaydalara uyğun olaraq camaat və cümə namazları tədricən bərpa oluna bilər.

İndiki şəraitdə vəziyyət müsbətə doğru dəyişdiyindən bu məsələ gündəmə gəlir və məscidlərin açılmasını müzakirə etmək olar. Müvafiq qurumlara bununla bağlı müraciətlər etmək də mümkündür. Qeyd etdiyimiz məsələ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) də gündəmindədir və indiki dövrdə bununla bağlı müzakirələr də qurum daxilində aparılır.

Məscidlərin nə vaxt açılacağı ilə bağlı vaxt təyin etmək mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, yaxın gələcəkdə vəziyyət belə davam edərsə, məscidlərin açılması məsələsinin də müzakirəsi yaxşı olar. İnsanların buna ehtiyacı var, məscidlərdə mövcud qaydalara riayət etmək mümkündür. Qısa zamanda bu məsələdə dəyişiklik ola bilər”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support