“Qarabağ Azərbaycanın əsas turizm istiqamətinə çevriləcək”

“Azərbaycanın turizm potensialı olduqca zəngindir. Xüsusilə Qarabağ regionunda turizm potensialı çox genişdir. Bu da yay turizmi, qış turizmi, dağ turizmi, sağlamlıq turizmi və digər növ turizm sahələrinin açılmasına imkan verir”. 

Bunu Zafer TV-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Sədr bildirib ki, Qarabağa yeni avtobus marşrutlarının, dəmir yolu xətlərin açılması bölgənin əhəmiyyətli inkişafına təkan verəcək:

“Təbiəti, çayları, bulaqları, meşələri, tarixi, mədəni və dini abidələri, mətbəxi, və s. görməli yerləri çoxdur. Lakin burada turizmin inkişafına bir qədər vaxt tələb olunacaq. Təəssüf ki, 30 il ərzində Qarabağın infrastrukturu düşmən tərəfindən dağıdılıb və bərpasına ehtiyac var. Yalnız infrastrukturun bərpasından sonra turistlərin kütləvi şəkildə səfər etməsi mümkün ola bilər.

Bildiyiniz kimi dövlət başçısı Qarabağ regionunun xaricdə keçirilən sərgilərdə turizm potensialının nümayiş etdirilməsi və yeni turizm marşrutlarının hazırlanması haqqında müvafiq tapşırıglar verib. Bu istiqamətdə işlər gedir. 

Yanvar ayında Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni Beynəlxalq Hava Limanın bu il istifadəyə verilməsi gözlənilir. Bu Hava Limanı Şuşa şəhərinə xarici qonaqların gəlməsini təmin edəcək. Eyni zamanda Füzuli şəhəri və ətraf rayonlarada turistlər rahat səfər edə biləcəklər. Qarabağa yeni avtobus marşrutlarının, dəmir yolu xətlərin açılması bölgənin əhəmiyyətli inkişafına təkan verəcək. İnanıram ki, yaxın gələcəkdə Qarabağ regionu əsas turizm istiqamətinə çevriləcək”.

Təhməz Əsədov