Xanım başçıdan qazilərə cavab: “Mənə görə döyüşməmisən”

Son vaxtlar məmurların şəhid ailələrinə, qazilərə laqeydliyi dözülməz həddə çatıb. Müharibə qəhrəmanlarına qarşı elə münasibət sərgiləyirlər, sanki minnət qoyurlar. Belə laqeyd davranış nümayiş etdirən məmurlardan biri də Abşeron rayon icra başçısı İradə Gülməmmədovadır. Onun bir müddət əvvəl qazi ailəsi ilə maraqlanmadığını qeyd etmişdik. İndisə xanım başçının qəbuluna gələn 11 nəfər Vətən müharibəsi qazisini Gülməmmədovadan şikayətçidir.

Zafer Tv xəbər verir ki, Reportyor.info-ya danışan qazilərin sözlərinə görə, işlə təmin olunmaq üçün dəfələrlə icra başçısının görüşünə gediblər. Amma heç bir nəticəsi olmayıb. Bu yaxınlarda Prezident Abşerona səfər edəcəkdi deyə müharibəyə könüllü qatılmış qaziləri dərhal qəbul edib ki, özünü göstərsin.

Suqovuşan istiqamətində döyüşmüş qazi Məmmədov Orxan Rəhim oğlu deyir ki, İ.Gülməmmədova onlarla görüşmürdü, görüb Prezident rayona gəlir, 11 nəfər qazini dinləyib.
“Onun qəbuluna güclə düşmüşdük. İradə xanımdan xahiş etdik ki, bizi işlə təmin etməyə köməklik göstərsin. Səhəri Abşeron icra hakimiyyətinin saytından oxuyuruq ki, guya biz işlə təmin olunmuşuq. Bunu reklam üçün ediblər. Axı bizə heç bir iş verilməyib. Faktiki biz işsiz adamlarıq. Ümumiyyətlə, müharibədən sonra bizimlə maraqlanmayıblar, icra başçısı soruşmayıb ki, nə problemimiz var”.
O.Məmmədov deyir ki, Abşeron İH-dən onlara “bura işədüzəltmə bürosu deyil, get, hara istəyirsən şikayət yaz” bildirilib:
“Bizdən başqa biri də İradə xanımın qəbuluna düşmüşdü, başçı onunla da kobud danışdı. Dedi ki, mənə görə döyüşməmisən. Biz axı ondan heç nə istəmirik, sadəcə, işlə təmin olunmağa kömək etməsini istəmişik. Ancaq görürük ki, ortada heç bir iş yoxdur, icranın saytında isə yazırlar ki, bizi işlə təmin ediblər”.
Qəbulda olmuş digər qazi Həsənov Rəşad Mirdaməd oğlu da könüllü döyüşənlərdən olub. Onun sözlərinə görə, Abşeron İH başçısı onların yanında bir sex rəisi ilə əlaqə saxlayıb:
“Bizi ora yönləndirdilər. Sexin rəisinə zəng vurdu, sonra ora getdik. Heç rəisin özüylə görüşməmişik, bir nəfər qarşıladı. O da yola verdi, yəni konkret iş yoxdur”.

Qazilər qeyd edirlər ki, Abşeron İH saytında işlə təmin edildikləri yazıldığı halda, faktiki işsizdirlər və başçı bu yalanı davam etdirirlər. O. Məmmədov bildirir ki, nə ona, nə yoldaşına iş verilir: “Gələn gündən qəbuluna düşə bilmirdik, deyirdilər pandemiyadır, başçı qəbul etmir. Ali Baş Komandan Abşerona gələn kimi bizimlə görüşdü. Ancaq heç bir iş verilməyib, 11 nəfərik, hərəni bir yana göndərirlər, amma nəticəsi yoxdur”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support