Bu tibbi xidmətlər pulsuz oldu – RƏSMİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırda icbari tibbi sığorta ölkənin 59 şəhər və rayonunda tətbiq edilir. Həmin ərazilərdə rəsmi qeydiyyatda olan sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış ola bilərsiniz.

Zafer Tv Redaktor.az-a istinadə xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyindən bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir:

– İlkin səhiyyə xidməti
– Təcili və təxirəsalınmaz tibbi yardım xidməti
– İxtisaslaşdırılmış ambulator yardım xidməti
– Laboratoriya xidməti
– Fizioterapiya xidməti
– İnvaziv radiologiya xidməti
– Stasionar tibbi xidmət

Agentlikdən verilən məlumata görə, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.

Qeyd olunur ki, Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanıb.