“Kremlə etibar yoxdur, Bakı NATO-ya üzvlük məsələsini qaldırsın” – Aleksandr Sıtin

Dağlıq Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarət zonasında qalan hissəsində “Artsax Müdafiə Ordusu”na yaz çağırışı başladı. Bunun mənası nədir? Heç kimin bu qanunsuz “ordunun” mövcudluğuna müdaxilə etməməsi açıq şəkildə bütün silahlı erməni birləşmələrinin Dağlıq Qarabağdan Ermənistan ərazisinə geri çəkilməsini nəzərdə tutan 10 noyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil edir.

Bəs, niyə sülhməramlılar əsgərlərin hərbi xidmətə çağırılmasına icazə verirlər və bununla da onların nəzarəti altında olan ərazidə separatçı meyllərin və əhval-ruhiyyənin davam etməsini qəbul edirlər? Bu, Azərbaycandakı sülhməramlılara inamın tam itirilməsinə səbəb olmayacaq ki? Və əgər separatçılar “orduya çağırış” həyata keçirirlərsə, onda Azərbaycan Prezidenti İlham Əliyevin danışdığı “dəmir yumruqdan” istifadə etmək hüququnu özümüzdə saxlayırıqmı? Yoxsa baş verənlər Paşinyan vasitəsilə bəzi xarici qüvvələrin (Qərb, Amerika), qarantı Rusiya olduğu müqavilələri pozmağa cəhd etməsi deməkdir?Bundan əlavə, “Artsax Müdafiə Ordusu”na çağırışla bağlı vəziyyət Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin araşdırması üçün ciddi siqnal deyilmi?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.Rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, “North&Eastern Europe Research Political Center”-in rəhbəri Aleksandr Sıtin:

“Bu, Ağdamdakı Monitorinq Mərkəzinin araşdırması üçün bir səbəb ola bilər. Ancaq Rusiyanın Qarabağla əlaqəli hissədə və hər şeydən əvvəl erməni silahlı qüvvələrini gücləndirəcəyi aydındır.Bakı hələ başa düşmədimi ki, əslində, Moskva zəfərin meyvələrini Azərbaycandan aldı? Və qızğın mərhələdə münaqişənin özünə müdaxilə etmədən Azərbaycana və ətrafdakılara göstərdi ki, “əlbəttə, istədiyinizi edə bilərsiniz, amma sonda hər şey Kremlin lazımlı və faydalı saydığı kimi olacaq”.

Əslində, rusların bütün ermənipərəst mövqeyi bu tezisin nümayişidir.Mənim nöqteyi-nəzərimdən, indi baş verənlər, sadəcə Azərbaycan-Türkiyə inteqrasiyası üçün bir bəhanə deyil, həm də Azərbaycanın NATO-ya daxil olması məsələsini bütün səviyyələrdə və platformalarda qaldırmaq üçün qeyd-şərtsiz bir səbəbdir. Qarabağla bağlı razılaşma, Azərbaycanın ərazi mübahisəsi olan bir ölkə statusuna malik olmadığını rəsmi şəkildə təsdiqləyən bir sənəd kimi istifadə edilə bilər.Moskvaya “etimada” gəlincə, bakının ən azı son yüz illik tarixi təcrübəsinə baxmayaraq, bu cür inamı qoruduğuna çox təəccüblənirəm”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Gəlin, vəziyyəti elan olunan addımlarla deyil, real nəticələri ilə qiymətləndirək. Bakı israr etdi və əldə etdi ki, Ermənistandan heç bir çağırışçı, Ermənistan vətəndaşları arasından heç bir hərbi qulluqçu Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə göndərilməyəcək və burada qalanlar geri çağrılacaq. Qarabağ erməniləri arasından elan edilmiş çağırışa gəlincə, bu, qanunsuz bir hadisədir və inanıram ki, Bakı bununla bağlı Rusiya sülhməramlılarının komandanlığına öz narazılığını bildirib.

Son döyüş əməliyyatları zamanı Qarabağ erməniləri arasında itkilərin 3,5 min nəfəri keçdiyini nəzərə alsaq, “Artsax Müdafiə Ordusu”nu komplektləşdirmək üçün qüvvə yoxdur. Reallıqda Qarabağ ermənilərinin sayı 50-60 min arasındadır. Odur ki, çağırış yaşı olanların (18 yaşdan yuxarı gənc kişilər) sayının 400-500 nəfəri keçməsi ehtimalı azdır. Bu kontingentin neçə nəfərinin müharibədə öldüyü, yaralandığı, Ermənistana qaçdığı və ya Rusiyaya köçdüyü məlum deyil.

Beləliklə, elan edilən çağırış real hərbi əhəmiyyətə sahib bir şeydən daha çox, işləyən güc qurumlarının mövcudluğunu göstərmək üçün hazırlanmış bir təbliğat addımı ola bilər. Ancaq əminəm ki, müvafiq təhlükəsizlik strukturları vəziyyəti izləyir və zərurət yarandıqda separatçı rejimin qalıqlarının qəbuledilməz hərəkətlərinə maneə yaradacaqlar.

Qərbdəki bəzi ermənipərəst “xeyirxahların” mümkün mənfi təsirlərinə gəldikdə, bunu tamamilə istisna etmək mümkün olmasa da, bu qüvvələrin səlahiyyətli orqanlarımızın başçıları və Rusiya sülhməramlıları komandanlığının başı üzərindən vəziyyətə təsir edəcək real imkanları yoxdur. Üstəlik, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaxınlıqda yerləşdirilib”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support