Şərəfsiz Köçəryan şərəfdən danışır

Düşünürəm ki, müharibədəki məğlubiyyət əvvəlcədən planlaşdırılmışdı.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu gün İrəvanda rusiyalı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyana qarşı çıxan və onun istefasını tələb edən qüvvələr dürüst davranırlar: “Artıq formalaşmış müxalifət formatı var. Bu format cəmiyyətin əhəmiyyətli hissəsini ətrafında birləşdirə bilib. Həmin formatı dəstəklədim və hesab edirəm ki, indi onu dəyişməyin zamanı deyil.

R.Köçəryanın sözlərinə görə, baş nazir postuna müxalifətdəki 17 partiya və hərəkatın vahid namizədi, “Vətənin Xilası” Hərəkatının lideri Vazgen Manukyanın qələbəsi üçün bütün müxalifətçilər çalışmalıdır.

Bununla belə, sabiq prezident ilk dəfə olaraq V.Manukyana ayırdığı zamanla bağlı etirafını səsləndirib: “Məncə, Manukyan bir ilədək işləməlidir”.

R.Köçəryanın sözlərinə görə, yaxın zamanlarda ölkə müxalifətinə rəhbərlik etmək niyyətində deyil: o, V.Manukyanı dəstəkləyəcək.

Köçəryan daha sonra Baş nazir N.Paşinyandan bəhs edib: “Müharibə zamanı baş nazirin fəaliyyəti və qərarları ilə bağlı çox ciddi şübhələr var. Baş nazir həmin şübhələrdən heç birinə məntiqi, anlaşılan cavab verməyib. Heç birinə. Bu səbəbdən Ermənistanın müharibədə bilərəkdən məğlubiyyətə sürükləndiyini hesab edirik. Müharibənin üçüncü günü səfərbərlik niyə dayandırıldı? Paşinyan nə üçün oktyabrın 15-də Putinin təklifini qəbul etmədi? Paşinyan artıq müharibənin dördüncü günü bilirdi ki, savaş uduzulub. Baş Qərargah yazılı hesabat vermişdi ki, müharibədə məğlub olacağıq. Bu, boş bəyanatlar deyil. Prokurorluq və istintaq orqanları bu məsələ ilə məşğul olmalıdır. Söhbət sualların olmasından və cavabların yoxluğundan gedir. Axı nə üçün ölkə Silahlı Qüvvələrin heyətinin artırılmasını yox, anlaşılmaz yarıkönüllü dəstələrin yaradılmasını seçdi? Niyə müharibədən əvvəl təcrübəli zabitlər, generallar, polkovniklər ya dəyişdirildilər, ya istefaya göndərildilər?”

Noyabrın 8-dən 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatı bəyənmədiyini vurğulayan R.Köçəryan “amma yaxşı anlaşmaya nail olmaq üçün müharibədə qalib gəlmək və ya heç olmasa uduzmamaq gərəkdir” söyləyib.

“Bu hakimiyyət xalq qarşısında diz çökməli, üzr istəməlidir. Şərəfləri varsa, özlərini güllə ilə vurmalıdırlar”, – R.Köçəryan deyib.

O, daha sonra bildirib ki, Nikol Paşiyanın şərəfi və ləyaqəti olsaydı, “İsgəndər”lərlə bağlı bəyanatından sonra Baş Qərargah rəisi Onik Qasparyandan üzr istəməli idi.

Onun fikrincə, hakimiyyət normal danışıqlar apara bilmir, situasiyanı adekvat dəyərləndirmir: “Bu adamlar ölkənin maraqlarını düşünsəydilər, istefa verər, yerlərini danışıqlar apara bilən şəxslərə verərdilər”.

R.Köçəryan sonra deyib: “Rusiya ilə elə inteqrasiya formulu tapmalıyıq ki, silahlı qüvvələrimizi bərpa edə bilək. Qarabağ müharibəsindən sonra ordumuzun bərpası üçün təqribən 3 milyard dollar gərəkdir. Əsl, konkret rəqəmlər tam məxfidir. Unutmamalıyıq ki, düşmən əhatəsindəyik və belə şəraitdə milli identikliyimizin zəiflədilməsi ölümə bərabərdir”.

Corc Sorosun Ermənistandakı təşkilatlarına gəldikdə isə, Robert Köçəryan hesab edir ki, bu qurumlar neoqlobalist yanaşma sərgiləyirlər.

Sorosun təşkilatları Ermənistanda ilk dəfə məhz R.Köçəryanın prezidentliyi dönəmində fəaliyyətə başlamışdılar.

“Onların hakimiyyətdə olduğum dönəmdə açıldığını bilmirdik. İlkin olaraq ölkədə heç bir təsir imkanları olmayan qeyri-hökumət təşkilatı idi. Amma sonra möhkəmləndilər, uzun müddət maliyyə yardımları aldılar və proseslərə təsir etməyə başladılar. Onların təbliğ etdikləri ideyalar Ermənistanın regionda oynaya biləcəyi rola tam ziddir. Onlar, sadəcə, ticarət, biznes və s. sahələrdə qloballaşmanı nəzərdə tutmurlar. Dəyərlərin qloballaşması, yeni tip insanların formalaşmasından söhbət gedir. Həddən çox ziddiyyətlərə malik, başqa cür düşünən ölkələrlə qonşu olan Ermənistan üçün bu ideyalar, sadəcə, intihar, milli təhlükəsizliyə təhdiddir. Soros Fondunun fəaliyyətini Ermənistan üçün təhlükə hesab edirəm”.

R.Köçəryan onu da vurğulayıb ki, Nikol Paşinyanın ölkədəki hərbi vəziyyət rejimini ləğv etməməsinin səbəbi hakimiyyətini qorumaq istəyidir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında çox mətləblərə toxunub. Pafosla, patetika ilə danışıb. Həmişəki kimi, ikiüzlü, yalançı və şərəfsiz bir tip təki “mənəvi dəyərlərdən, milli təhlükəsizliyə təhdid”lərdən bəhs edib.

Fəqət Robert Köçəryan mətbuat konfransında demədi ki, “müxalifətin lideri” adlandırdığı 74 yaşlı Vazgen Manukyan, əslində, onun marionetkası, baş nazir postuna yiyələnmək üçün vasitədir.

Köçəryan boynuna almadı ki, Ermənistan vətəndaşlarının əksəriyyəti ona nifrət edir, çünki ölkənin indiki iflic, böhran və fəlakət durumunda birbaşa baiskar məhz odur.

Köçəryanın hakimiyyəti illəri miqyası bilinməyən total rüşvətxorluq, Ermənistanın suverenliyinin və müstəqilliyinin Rusiyaya peşkəş edilməsi, Azərbaycanın işğal edilmiş ərazilərinin vəhşicəsinə qarət olunaraq “Köçəryan+dəstəsi”nin varidatının daha da artmasına xidmət etdiyi, məmur özbaşınalığının adiləşdiyi, adi vətəndaşın heçə sayıldığı, müxalifətə divan tutulduğu illər idi.

Məhz Köçəryanın hakimiyyəti illərində erməni diasporunun yığıb Ermənistana yolladığı yüz milyonlarla dollar mənimsənilməyə, oğurlanmağa başlandı.

Ermənilərin “şərəfsiz Köçəryan” adlandırdıqları Köçəryan indi şərəfdən danışır, özünü ölkənin ən populyar siyasətçilərindən biri sayır.

Halbuki R.Köçəryanın dəstəsinin sabiq prezident üçün sosial şəbəkələrdə açdıqları kanalların, səhifələrin və qrupların abunəçi, izləyici saylarına baxmaq yetər ki, Robert Sedrakoviçin ermənilərdə ikrah doğuran fiqur olduğunu anlayasan.

İndi hakimiyyətə “Rusiyanın tam dəstəklədiyi adam” kimi qayıtmaq istəyən və özünü “Ermənistanın nicatı” kimi qələmə verərək Nikol Paşinyanı devirmək istəyən Robert Köçəryan əsla dəyişməyib.

Əvvəlki kimi eqoist, şərəfsiz, mənəviyyatsız və siyasi əxlaqdan tam kənar məxluqdur.

Milli.az

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support