Birgəyaşayışın azərbaycan modeli

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında diqqətə gətirilən məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərdə ermənilərlə birgəyaşayışdır. Ölkəmiz tarixən birgəyaşayış modelinin universallığı ilə fərqlənmişdir. Qarabağda bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər mövcuddur.

 Bildiyiniz kimi Azərbaycanın müxtəlif bölgələrində minlərlə erməni yaşayır. Bizim ermənilərlə birgə yaşamağımızın böyük tarixi vardır. Belə ki, həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə ermənilərlə birgə yaşayışa aid kifayət qədər nümunələr vardır. Məsələn, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər eyni kənddə yaşayırlar.

Azərbaycan əməkdaşlığa açıq bir ölkədir və burada müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini və milli zəmində hər hansı qarşıdurma,  hansısa bir anlaşılmazlıq olmamışdır. Ölkəmiz dünyada öz tolerantlığı ilə fərqlənir. Bizim multikultiralizm təcrübəmizdən başqa dövlətlər də yararlanmağa başlamışdır.

Ölkəmizdə yaşayan bütün etniklər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Konstitusiyaya görə Azərbaycanda fərqli dillərdə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilmişdir. Məlumudur ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışırlar. Qarabağda seperatizm baş qaldırmamıçdan qabaq həmin bölgədə erməni dilində qəzetlər çap edilirdi, erməni dilində təhsil ala bilirdilər, öz mədəniyyətlərini layiqincə təmsil etmək imkanları yaradılırdı.  Bundan sonra da, başqa etnik millətlər kimi, onların da dilləri qorunacaqdır.

Bölgədə davamlı sülhün olması onun inkişafını təmin edən əsas amildir. Dayanaqlı sülhə nail olmaq olkənin prioritet vəzifəsidir. Lazımsız düşmənçilik tarixin arxivinə verilməlidir. Ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunmalıdır.

Tarixən birgəyaşayışın əsas üsulu kimi əməkdaşlıq qəbul edilmişdir və bu gün də həmin qayda özünü doğruldur. Dövlətimizin əsas məqsədi üçtərəfli qaydada imzalanmış Bəyanatda nəzərdə tutulan kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmasıdır. Əgər bu baş tutsa, Ermənistan da bundan xeyir görəcək və mənfəət əldə edəcəkdir. Eyni zamanda, yürütdüyü işğalçılıq siyasəti nəticəsində özünü təcriddən qurtulacaqdır.

Ölkədə birgəyaşayış prinsipinə əməl olunduqda dayanaqlı inkişaf üçün zəmin yaranır.  Öncül vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir. Müharibədən heç dörd ay keçməsinə baxmayaraq artıq Ermənistan və Azərbaycanın rəsmi şəxsləri arasında təmaslar qurulmuş, görüşlər keçirilmişdir. Həmin görüşlər bəzən açıq, bəzən də qeyri-rəsmi formatda baş tutmuşdur.

Ölkəmizdə atılan bütün addımlar gələcəyə xidmət edir. Bu gün biz  Rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Ermənilər Qarabağda yaşamaq istəyirlərsə seperatçılarla bütün əlaqələrini kəsməli və Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməlidirlər.

​Fuad Babayev
Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Nərimanov rayonun fəal gənci

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support