Azərbaycan Daxili İşlər Nazirliyi bloger Mehman Hüseynovun 14 mart 2021-ci il tarixdə saxlanılmasının səbəbini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bloqer icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb. Onun sözlərinə görə, Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır. Qeyd edək ki, Mehman Hüseynov sərbəst buraxılıb.
Maraqlıdır, bəs Azərbaycanda dron aparatını ölkəyə gətirmək, ölkə ərazisində ondan istifadə etmək üçün xüsusi icazə tələbinin qanuni əsası varmı?
Saxta.info suala aydınlıq gətiməyə çalışıb.
2016-cı ilin may ayının 17-də “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilib. Dəyişikliyə əsasən qanuna 18-ci maddə əlavə olunub. Bununla da məsafədən idarə edilən pilotsuz uçan aparatlar (dron) mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına salınıb.
Məsafədən idarə edilən pilotsuz uçan aparatların ölkəyə gətirilməsi və istifadəsi üçün bir sıra qurumlardan icazə alınmalıdır.

Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar imzaladığı Fərman əsasında tənzimlənir.
Öncə qeyd edək ki, sözügedən fərman 12 sentyabr 2005-ci il tarixdə imzalanıb. 292 nömrəli həmin Fərmanda “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydaları”, həmçinin “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı” təsdiqlənib.
İlk təsdiqlənən siyahıda məsafədən idarə edilən pilotsuz uçan aparatların istifadəsi və bunun üçün icazə verən orqanların adları nəzərdə tutulmayıb.

Daha sonra 23 iyun 2016-cı il tarixdə Azərbaycan Prezidenti 943 nömrəli Fərman imzalayıb. Bu fərmana əsasən “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na 17-ci hissə əlavə edilib.
Həmin əlavədə məsafədən idarə edilən pilotsuz uçan aparatların istifadəsinə icazə verən rəsmi qurumların adları salınıb. Beləliklə sənədə əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla Dövlət Mülki Aviasiya Administrasiyası icazə verib.
Azərbaycan Prezidentinin 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Fərmanı ilə həmin siyahıya dəyişiklik edilib. Belə ki, siyahıdakı “Dövlət Mülki Aviasiya administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz olunub.
Sözügedən administrasiya Prezidentin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil edildiyindən belə bir dəyişikliyə zərurət yaranıb.

Beləliklə, hazırda məsafədən idarə edilən pilotsuz uçan aparatları ilə bağlı xüsusi icazə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. Bu zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınır.
Göründüyü kimi, bu dəfəki sənəddə icazə verən orqanlar sırasına Daxili İşlər Nazirliyi də əlavə edilib.
Yeri gəlmişkən, məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə olmadan əldə edilməsi və istifadəsi cinayət məsuliyyəti yaradır. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsində (Şəxsi həyatın toxunulmazlığını pozma) əksini tapıb. Həmin maddənin 156.2.2-ci bənində üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub.
Beləliklə, sadalanan hüquqi sənədlər göstərir ki, pilotsuz uçan aparatların (dron) əldə edilməsi və istifadəsi üçün xüsusi icazə alınmalıdır.