Drondan istifadə üçün xüsusi icazə tələb olunurmu? – Hamını maraqlandıran suala AYDINLIQ GƏTİRİLDİ

Azərbaycan Daxili İşlər Nazirliyi bloger Mehman Hüseynovun 14 mart 2021-ci il tarixdə  saxlanılmasının  səbəbini açıqlayıb.  Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bloqer icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb. Onun sözlərinə görə,  Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır. Qeyd edək ki, Mehman  Hüseynov  sərbəst  buraxılıb.

Maraqlıdır, bəs Azərbaycanda dron aparatını ölkəyə gətirmək, ölkə ərazisində ondan istifadə etmək üçün  xüsusi icazə tələbinin qanuni əsası varmı?

Saxta.info suala  aydınlıq  gətiməyə  çalışıb. 

2016-cı ilin may ayının 17-də  “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən  (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası  Qanununa   dəyişiklik  edilib.  Dəyişikliyə əsasən  qanuna 18-ci maddə əlavə olunub. Bununla da  məsafədən idarə edilən pilotsuz uçan aparatlar  (dron) mülki  dövriyyəsi  məhdudlaşdırılmış  əşyaların  siyahısına  salınıb.

Məsafədən idarə edilən pilotsuz uçan aparatların ölkəyə gətirilməsi və  istifadəsi üçün  bir sıra qurumlardan icazə alınmalıdır.  

Qeyd edək ki,  bu,  Azərbaycan Prezidentinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar  imzaladığı Fərman əsasında  tənzimlənir.

Öncə qeyd edək ki, sözügedən fərman 12 sentyabr 2005-ci il tarixdə imzalanıb.   292  nömrəli həmin  Fərmanda “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydaları”, həmçinin  “mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verən  mərkəzi  icra  hakimiyyəti  orqanlarının siyahısı”  təsdiqlənib.

İlk təsdiqlənən siyahıda məsafədən idarə edilən pilotsuz uçan aparatların istifadəsi və bunun üçün icazə verən orqanların adları nəzərdə tutulmayıb.

Daha sonra 23 iyun 2016-cı il tarixdə Azərbaycan Prezidenti   943 nömrəli  Fərman imzalayıb.  Bu fərmana əsasən  “mülki dövriyyəsi məhdudlaşdırılmış  əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na 17-ci hissə əlavə edilib.  

Həmin əlavədə  məsafədən idarə edilən pilotsuz uçan aparatların istifadəsinə icazə verən rəsmi qurumların adları salınıb. Beləliklə sənədə əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla  Dövlət Mülki Aviasiya  Administrasiyası  icazə  verib.

Azərbaycan Prezidentinin  19 sentyabr 2018-ci il tarixli  277 nömrəli Fərmanı ilə həmin siyahıya dəyişiklik edilib.  Belə ki,  siyahıdakı   “Dövlət Mülki Aviasiya administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz  olunub.  

Sözügedən administrasiya  Prezidentin 12 yanvar  2018-ci il tarixli Fərmanı ilə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil edildiyindən belə bir dəyişikliyə zərurət yaranıb.  

Beləliklə, hazırda məsafədən idarə edilən pilotsuz uçan aparatları ilə bağlı xüsusi icazə    Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar  Nazirliyi tərəfindən  verilir. Bu zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınır.

Göründüyü kimi, bu dəfəki sənəddə  icazə verən  orqanlar sırasına  Daxili İşlər Nazirliyi  də  əlavə edilib.

Yeri gəlmişkən, məsafədən idarə edilən pilotsuz uçan aparatların  xüsusi icazə olmadan əldə edilməsi və istifadəsi cinayət məsuliyyəti yaradır. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsində (Şəxsi həyatın toxunulmazlığını pozma) əksini tapıb. Həmin maddənin  156.2.2-ci bənində  üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza  nəzərdə tutulub.

Beləliklə,  sadalanan  hüquqi sənədlər göstərir ki, pilotsuz uçan aparatların (dron) əldə edilməsi və istifadəsi üçün xüsusi icazə  alınmalıdır.