Ermənistan KİV-lərinin yaydığı bu məlumat FEYKDİR – İNANMAYIN

Erməni KİV-ləri  iddia edir ki, erməni hakerlər Azərbaycan Prezidentinin rəsmi saytını sındırıb, üstəlik sayta şəkillər əlavə ediblər.

Saxta.info bu məlumatların  etibarlı olub-olmadığını yoxlayıb.

Qeyd edək ki, erməni informasiya  resursları  bu məlumatı  Qaqik Ambaryan adlı Feysbuk istifadəçisinə istinadən yayıblar. Profilindəki məlumatlarda Ambaryanın Gümrü şəhərində yaşadığı,  politoloq, Şirak Dövlət Universitetinin müəllimi olduğu əksini tapıb.

Paylaşımlarından belə aydın olur ki,  Ambaryan hökumətin, konkret olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın  tənqidi  ilə  gündəmə gəlib.   2018-ci ildə Şirak Universitetindən qovulan Ambaryan  bir müddət  sonra məhkəmə yolu ilə sözügedən ali məktəbə bərpa  oluna bilib.

Ambaryanın feysbuk hesabında paylaşdığı şəkillərə gəldikdə, ilk baxışdan onların Adobe Photoshop məhsulu olduğu dərhal hiss olunur.

Erməni photoshop  “ustaları” dərc edilən fotonun guya Azərbaycan Prezidentinin saytından götürüldüyünü sübut etmək üçüm onun html linkini də  əlavə ediblər.  Amma diqqətlə baxdıqda onun Prezidentin rəsmi saytındakı təhlükəsizlik sertifikatı olan linkdən fərqləndiyi açıq-aşkar görünür.

Üstəlik,  erməni “hakerlər” rəsmi saytda dil bölməsində  “RU” olmasına baxmayaraq, guya sındırıldığı  bildirilən saytda dil bölməsində “RUS” qeyd ediblər.  “Axtarış” bölməsini  göstərməyi isə ümumiyyətlə  unudublar.

Bundan başqa,  dövlətə məxsus internet resursların təhlükəsziliyinə cavabdeh olan  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu günlərdə  Prezidentin və  digər dövlət qurumlarının rəsmi saytları ilə bağlı problem  olmadığını  açıqlayıb.  

Beləliklə, aydın olur ki, Azərbaycan Prezidentinin rəsmi saytının sındırılması ilə bağlı erməni tərəfinin yaydığı məlumat sadəcə saxta və keyfiyyətsizdir.