“Bizim bu cür intim videoları qətiyyətlə pisləməyimizin üçüncü səbəbi isə 44 günlük müharibədə əldə etdiyimiz mənəvi birliyimizlə bağlıdır”

Müxalifət liderlərindən biri, professor Cəmil Həsənlinin qızının özəl həyatına aid olduğu bildirilən intim görüntülərin yayılmasını və yayanları partiyası sədri olaraq da, bir azərbaycanlı olaraq da birmənalı şəkildə qınayıram. İlk növbədə ona görə ki, bu bizim mental dəyərlərimizə ziddir. İkincisi ona görə ki, hər bir insanın özəl həyatı toxunulmazdır.

İstər sıravi vətəndaşlarımızın, istər dövlət başçısının, istərsə də siyasətçilərin şəxsi həyatı, ailə məsələləri necə deyərlər, “terra inkoqnito” sayılır və kimsənin ailədaxili məsələlərə qarışmağa, özəl həyata müdaxilə etməyə və onu ictimailəşdirməyə ixtiyarı yoxdur. Bunu etmək açıq-aşkar tərbiyəsizlikdir, mənəviyyatsızlıqdır. Tanınmış insanların, o cümlədən siyasi liderlərin bu şəkildə mənəvi terrora məruz qoyulmasını doğru hesab etmirik. Biz iqtidarlı-müxalifətli əl-ələ verib bu terroru körükləyənləri zərərsizləşdirməliyik. Cəmiyyəti bu bəladan xilas etməliyik.

Bizim bu cür intim videoları qətiyyətlə pisləməyimizin üçüncü səbəbi isə 44 günlük müharibədə əldə etdiyimiz mənəvi birliyimizi, milli həmrəyliyimizi müharibədən sonrakı dönəmdə də qoruyub saxlamaq istəyimizlə bağlıdır. Bəli, bu videonu yayanlar birbaşa bizim milli həmrəyliyimizi hədəfə alıblar. Onların açıq-aşkar məqsədi Vətən müharibəsi zamanı ortaya çıxan iqtidar-müxalifət birliyini parçalamaq, siyasi konsensusu pozmaq, siyasi dialoq prosesinin dərinləşməsini əngəlləməkdir. Bu gün kimi aydındır. Onlar məhz bu yolla bizim milli birliyimizə və iqtidar-müxalifət münasibətlərinə sarsıdıcı zərbə vuracaqlarından əmin olduqları üçün belə bir videonu “dövriyyəyə” buraxıblar.

Onlar bunu etməklə təkcə iqtidarla müxalifəti qarşı-qarşıya gətirmək deyil, həm də cəmiyyətin bir tərəfini digər tərəfinin üzərinə qaldırmağı hesablayıb, planlaşdırıblar. Olduqca təhlükəli və məkrli plandır. Və gördüyümüz kimi bu videonu məhz Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 102 yaşının tamam olduğu gündə yaymaqla həm də bütövlükdə millətin, dövlətin təhlükəsizliyini hədəfə aldıqlarını sərgiləyiblər. Ancaq istər korrupsioner məmurlara qarşı mübarizə əməliyyatları ilə, istərsə də 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə göstərdiyi misilsiz xidmətləri ilə cəmiyyətin böyük rəğbətini qazanan DTX-nin peşə bayramı gününü belə bir rəzalət dolu videonu yaymaqla qaraltmağa çalışmaq siyasi korazehinlikdən başqa bir şey deyil.
Aydın məsələdir ki, bunu edən qüvvə iqtidar deyil. Bu, üçüncü qüvvənin işidir. Ola bilsin ki, bu qüvvənin oturma yeri, mənzil-qərargahı heç Azərbaycanda da deyil. Bu cür “çirkli piar” texnologiyaları adətən ölkə hüdudlarından kənarda yerləşən qüvvələr, mərkəzlər tərəfindən düzənlənir, gündəmə gətirilir. Azərbaycan iqtidarının və xüsusi xidmət idarələrinin bu işdə əli olmadığı göz qabağındadır. Heç bir iqtidar dövlətin bel sütünu olan DTX-nin peşə bayramı günündə belə bir videonu yayımlayıb özü özünü zərbə altında qoymaz. Bu ayrıca isbata ehtiyacı olmayan açıq həqiqətdir, aksiomadır və dəmir məntiqdir. Odur ki, bu həqiqəti başa düşməyən bəzi düşüncəsizlərin məsələyə isti-isti münasibət bildirib Azərbaycan hakimiyyətini şəxsi həyata müdaxilə etməkdə suçlamaları çevik və normal düşüncə deyil, əksinə, ağılsızlıqdır.

Axı hazırki iqtidar İkinci Qarabağ müharibəsindəki parlaq Qələbədən sonra öz hakimiyyətinin hər mənada triumf dövrünü yaşayır və hakimiyyəti üçün də heç bir təhlükə hiss etmir. Belə olan halda bu iqtidarın öz siyasi rəqiblərinə qarşı bu cür primitiv mübarizə üsuluna əl atmasına da heç bir ehtiyacı yoxdur. Bu adi həqiqəti nəinki biz siyasətçilər, hətta adi məktəbli də məncə, lap yaxşı başa düşür. Məhz bu baxımdan, sözün açığı, hörmətli Cəmil Həsənlinin Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham etməsi mənə biraz absurd göründü. Qızının yetkin insan olduğunu vurğulayan və öz şəxsi həyatını “necə yaşamaq istəməsi onun şəxsi işidir” deyən Cəmil Həsənlinin bu reaksiya yazısını yəqin ki, hər kəs oxuyub. Cəmil bəyin əlində heç bir dəlil-sübut olmadan və baş verən hadisəni soyuq ağılla, eninə-boluna təhlil etmədən, bu olayın məsuliyyətini Prezident İlham Əliyevin üzərinə atmasını, təhlükəsizlik xidmətini suçlamasını heç bir halda doğru saymıram. Bu, dövlət başçısı olmağa iddialı bir şəxsin ortaya qoymalı olduğu adekvat reaksiya deyil. Düzdür, kəskin reaksiya gözlənilən idi. Çünki enində-sonunda Cəmil Həsənli də bir atadır və onu bir ata kimi başa düşmək olar. Ancaq Cəmil Həsənli ata olmaqla bərabər, həm də bir siyasətçidir. Onun bir siyasətçi olaraq bu hadisənin baş verməsində birbaşa dövlət başçısını və dövlətin xüsusi xidmət orqanını təqsirləndirməsi dövlətçilik yanaşması sayıla bilməz.

Zənnimizcə, Cəmil bəy olaya tələm-tələsik münasibət bildirmək əvəzinə bu olayı kimlərin ssenariləşdirməsi, icra etməsi barədə öncədən dərin-dərin düşünməli, məsələnin bütün boyutlarını incələməliydi. İlham Əliyevi və DTX-ni bu olayın baş verməsində ittiham etmək əlbəttə, ən asan yoldur və ən primitiv versiyadır. Çox təəssüf ki, hörmətli Cəmil bəy də məhz bu asan və primitiv yola, ucuz versiyaya əl atdı. Başqa sözlə desək, Cəmil bəy məsələyə geniş planda yanaşmaq və doğru nəticələrə gəlmək, pərdə arxasındakıları görmək istəmədi. Belə deyək də, o isti başla emosional reaksiyasını, ənənəvi radikal müxalifətçi tərzini, yanaşmasını ortaya qoydu.

Amma hər kəs nəzərə almalıdır ki, indi dünyanın ən müxtəlif ölkələrində istər dövlət başçılarının, istərsə də müxalifət liderlərinin özlərinin və yaxınlarının özəl həyatlarına bu və ya digər formalarda müdaxilə cəhdləri olur, bənzər videolar yayılır. Təəssüf ki, bizim ölkəmizdə də bu cür hallardan qaçmaq mümkün deyil. Bir çox hallarda isə həmin videolar, fotoşəkillər qurma (montaj) xarakterli olur, əsla həqiqəti əks etdirmir. Nə yazıq ki, hazırda texnologiyaların yüksək inkişafı hər cürə “feyk material”lar hazırlayıb sosial şəbəkələrə daşımağa imkan verir. Cəmil Həsənlinin qızına aid edildiyi bildirilən intim videoya da məhz bu aspektdən yanaşdıqda əsl həqiqət ortaya çıxır. Cəmil bəyin qızının bu videonun onun həyatına aid olmadığını bildirməsi də bir daha bu həqiqəti təsdiqləyir. Deməli, bu saxta videonu üçüncü tərəfin hazırlayıb gündəmə daşıması, ictimailəşdirməsi yüzəyüz aydındır.

Onu da nəzərə alsaq ki, hazırda bu üsuldan yalnız müxalifətə qarşı deyil, elə iqtidarın özünə qarşı da zaman-zaman istifadə edilir, deməli, iqtidar da, müxalifət də bu cür rəzalətlər baş verərkən, dərhal bir-birini əsassız olaraq ittiham etməyə qalxışmaq əvəzinə, sağlam düşüncə nümayiş etdirməli, bir araya gəlib dialoq qurmalı, olayın əsl səbəbkarlarını birlikdə axtarıb tapmalı, məsələni sivil yolla həll etməlidirlər. İndiki halda məlum video olayının Cəmil Həsənlinin qızı üzərindən düzənlənməsinə də məhz bu kontekstdən yanaşmaqda fayda olduğunu düşünürəm. Mən birmənalı olaraq əminliklə bildirirəm ki, milli dəyərlərimizə zidd olan bu cür video qalmaqalının arxasında kənar qüvvələr dayanır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı informasiya savaşının gündən-günə qızışdığı (daha doğrusu, qızışdırıldığı) hazırki dönəmdə bir tərəfdən Fransa və Almaniya kimi ölkələrin “lokomotiv”liyi ilə Cəbrayıldakı qondarma erməni “kilsə”si ilə bağlı ölkəmizə qarşı qarayaxma kampaniyasının miqyası gündən-günə genişlənir, o biri yandan isə elə həmin xarici qüvvələr bu cür rüsvayçı bir video məsələsini ictiamailəşdirməklə daxildə ictimai gərginlik və siyasi qarşıdurma yaratmağa çalışırlar. Yəni bunu görmək, başa düşmək bu qədərmi çətindir? Ortada çox təhlükəli bir oyun var, bəylər. Nə olur, biz bu oyuna gəlməyək. Bizi bu oyuna gətirmək istəyənlərin tələsinə düşməyək, anti-Azərbaycan qüvvələrə şans verməyək!

Bir-birimizi ittiham etməyə can atmaq əvəzinə, Azərbaycanı daxildən və xaricdən qarışdırmaq istəyən qüvvələrin oyunlarını birlikdə pozmaq üçün yollar axtaraq. Etiraf edək ki, gizli düşmənlərimiz çox ağıllıdır və düşmən bizi daxildə bir-birimizə qarşı düşmən etmək istəyir. Düşmən bir-birimizi elə öz əlimizlə vurdurmağa çalışır. Gəlin düşmənin bu hiylə və planlarının qarşısında maksimum soyuqqanlılıq nümayiş etdirək, ağıllı qərarlar verək. Hesab edirəm ki, bu gün bizim milli həmrəylik və siyasi dialoq yoluyla anlaşıb çözə bilməyəcəyimiz heç bir məsələ yoxdur. Bunu unutmayaq ki, ölkəmizin, cəmiyyətimizin tərəqqisi konfrantasiyadan yox, yalnız və yalnız milli həmrəylikdən, siyasi uzlaşmadan keçir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support