Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə, 1200-dən çox əsgər və zabitimiz isə qazilik şərəfinə yüksəlib. Neçə-neçə oğullarımız müharibəni sağ-salamat, veteran kimi başa vurub.

 Zafer TV Modern.az-a istinadən xəbər verir ki, belə qazilərdən biri də Vətən Müharibəsinin qazisi Kamil Səfərlidir.

Arayış: Səfərli Kamil Məzahir oğlu 1999-cu il də Tərtər rayonu Cəmilli kəndində anadan olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb. Hərbi xidmətini başa vuran ərəfədə Vətən müharibəsi başlayıb və o, döyüşlərə qatılıb.

“Ən qaynar döyüş Suqovuşan istiqamətində oldu”

– Sentyabrın 26-sı artıq bizə döyüş haqqında məlumat verildi, ayın 27-si xüsusi texnikalarla döyüşə başladıq. Döyüş başlayan gündən oktyabrın 4-ə kimi düşmənin əlində olan 26 postu tutduq. Oktyabrın 4-ü Talış kəndi uğrunda döyüşlər başladı. 2-3 gün müddətində Talış kəndini düşməndən azad etdik.

Döyüşdə çox hadisələr baş verdi, dostlarım gözümün qarşısında şəhid oldu. İnsana çox təsir edir, özünə gələ bilmirsən, amma ayaqda durmağa, güclü olmağa çalışırsan.  Ən güclü döyüş Suqovuşan istiqamətində oldu. Hava yağıntılı olduğuna görə yer palçıq idi və hərəkətimiz çətinləşmişdi.  Çox çətin anlar yaşadıq.