Qubad İbadoğlu Azərbaycanda maskanın qiymətinin baha olduğunu iddia edib: “Toydan da, vaydan da pul qazananlar..”

“1 dollara Qazaxıstanda 42 ədəd, Rusiyada 35 ədəd, Ukraynada 18 ədəd yerli istehsal olan tibbi maska almaq mümkün olduğu halda Azərbaycanda həmin pula cəmisi 7 ədəd maska düşür”. Bu iddia ilə iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu öz feysbuk səhifəsində çıxış edib. 

Saxta.info iqtisadçının bu iddiasının reallığı əks etdirib-etdirmədiyini yoxlayıb.

Öncə qeyd edək ki,  koronavirus pandemiyası başlayandan bəri  maskalardan demək olar ki, hamı istifadə edir. Xüsusilə tibbi maskalardan.  Hazırda dünyada, o cümlədən Azərbaycanda  üçqatlı və simli  tibbi  maskadan istifadə olunur.  Apardığımız araşdırma göstərir ki,  2020-ci ilin yaz və yay aylarında Azərbaycanda  bu maskalar 30 qəpiyə satılıb. Qeyd edək ki, həmin ərəfələrdə Azərbaycanda  tibbi maskanın kütləvi  istehsalına  təzə start verilmişdi. İlk tibbi maska istehsal edən müəssisə 2020-ci ilin aprel ayında işə salınmışdı.

Hazırda  sözügedən maska Azərbaycanda apteklərdə 20 qəpiyə satılır.  Mərkəzi Bankdan verilən məlumata görə,  Azərbaycanda 1 ABŞ dolları 1 manat 70 qəpikdir.  Beləliklə,  1 dollara 7 ədəd deyil, 8 ədəd (1 manat 60 qəpik) maska almaq mümkündür.

Adıçəkilən ölkələrlə müqayisəyə gəlincə, internet üzərindən apardığımız araşdırma göstərir ki,   Rusiyada yuxarıda qeyd etdiyimiz üçqatlı tibbi  maskanın 1 ədədinin pərakəndə satış qiyməti əsasən 10 – 12 rubldur.  Rusiya Mərkəzi Bankının  son məlumatına görə, hazırda bu ölkədə 1 ABŞ dolları 75 rubl təşkil edir. 75 rubla 6 tibbi maska düşür. Beləliklə, iqtisadçının qeyd etdiyi kimi 1 dollara 35 ədəd deyil, 6 ədəd tibbi maska düşür. Hətta 5 rubla olsa belə, yenə də 1 dollara 35 ədəd deyil, yalnız 15 ədəd maska almaq mümkündür.  

Bundan başqa  Rusiyada internet-mağazalar üzərindən 20 ədəd  üçqatlı  tibbi maska 250 rubla (1 ədədi  12,5 rubl)  təklif olunur.  Bu halda isə bir ədəd tibbi maskanın qiyməti  0,28 AZN (28 qəpik)  təşkil edir. Yalnız uşaqlar üçün nəzərdə tutulan bu tipli maskaların 50 ədədini 250 rubla almaq mümkündür. Bu maskanın nisbətən ucuz  olmasının  isə təbii ki,  xüsusi izaha ehtiyacı yoxdur.

Qeyd edək ki, ötən ilin ortalarında Rusiyada bir ədəd tibbi maskanın qiyməti  30-40 rubl (67-89 qəpik) təşkil edib.  

Qazaxıstanda isə ötən ilin sonlarından üçqatlı tibbi maskanın pərakəndə qiyməti 20 tenge təşkil edir.  Qazaxıstan Mərkəzi Bankının məlumatına görə, hazırda bu ölkədə 1 ABŞ dollarının məzənnəsi 424  tengedir.  Beləliklə, Qazaxıstanda 1 dollara  iqtisadçının iddia etdiyi kimi,  42 ədəd  deyil, maksimum 21 ədəd maska düşür.

Yeri gəlmişkən,  2020-ci ilin  yay aylarında Qazaxıstanda 1 ədəd tibbi maska üçün  maksimum qiymət 85 tengə (33 qəpik),  payız aylarında isə  60 tengə (23 qəpik) olub. Sonradan hökumət maksimum limiti ləğv edib.

Ukraynada hazırda bir ədəd tibbi maskanın pərakəndə satış qiyməti  5 qrivna təşkil edir. 1 ABŞ dollarının məzənnəsi  isə  27 qrivnadır.  Beləliklə, Ukraynada iddia edildiyi kimi, 1 dollara  18 ədəd deyil, təqribən 5-6 tibbi maska almaq mümkündür. Bundan əvvəl Ukraynada 1 ədəd tibbi maska 2 qrivnaya satılıb. Həmin qiymətlə isə 1 dollara 13 maska düşüb.   

Saxta.info bu qənaətə gəlib ki, 1  dollara Qazaxıstanda 42 ədəd, Rusiyada 35 ədəd, Ukraynada 18 ədəd, Azərbaycanda isə  7 ədəd maska düşməsi ilə bağlı iqtisadçı Qubad İbadoğlunun iddiası həqiqəti əks etdirmir.