“Autizmli uşaqlara verilən simvolik müavinətlər kəsilib”. Bu açıqlama ilə Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli çıxış edib.
Saxta.info millət vəkilinin bu açıqlamasının doğru olub-olmadığını yoxlayıb.
Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən xəstəlikdir. Bu sindrom daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur. Əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə əsasən üç əlamət – qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya maraq məhdudluğu və təkrarlanan davranış pozğunluğu əsasında diaqnoz qoyulur.

Tədqiqatlara görə dünyada təxminən 70 milyon insan autizmdən əziyyət çəkir. Bu xəstəliyin əlamətləri 2-3 yaşdan etibarən özünü büruzə versə də, dəqiq diaqnoz uşağın 3 yaşında qoyulur. Autizmin ən geniş yayılmış növləri asperger sindromu, atipik autizm və uşaq autizmidir.
BMT Baş Assambleyasının 2007-ci il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən 2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.
Bu sindromdan əziyyət çəkən uşaqlara dəstək məqsədilə müxtəlif proqramlar icra olunur, qanunvericiliyə əsasən belə şəxslərə dövlət tərəfindən müavinətlər təyin olunur.
Azərbaycanda bu məsələ “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” çərçivəsində tənzimlənir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilən “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də, həmçinin 21 aprel 2009-cu il 67 nömrəli qərarı ilə təsdiqlənən “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nda əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun autizm sindromuna görə təyin edilməsi məsələsi və ümumilikdə autizm sindromu anlayışı təsbitini tapmayıb. Bu baxımdan autizmli uşaqlara əlillik təyinatı zamanı autizm sindromu əvəzinə əqli gerilik diaqnozu qoyulub.
14 sentyabr 2015-ci ildə Azərbaycan Prezidenti “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Bu sənədə əsasən Azərbaycan Nazirlər Kabinetinə əlilliyin müəyyən olunması meyarlarında dəyişikliklər etmək tapşırılıb.

Daha sonra Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nomrəli qərarı ilə “Əilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiqlənib. Əsasnamənin “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları” adlı hissəsinin 3.1.7-ci bəndində (eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm) usaqların sağlamlıq imkanlarının məhdudluğunun autizm sindromuna görə müəyyən olunması öz əksini tapıb.
Hazırda autizmli uşaqlara müavinət bu sənədə əsasən təyin edilir. Azərbaycan Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçünsə 50 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, hazırda autizm sindromundan əziyyət çəkən uşaqlar və onlara baxan şəxslər yuxarıda qeyd olunan məbləğlərdə müavinət və təqaüdlə təmin olunurlar. Sözügedən müavinət və təqaüd kəsilməyib.
Saxta.info sadalananlara əsasən bu qənaətə gəlib ki, millət vəkili Əli Məsimlinin autizmli uşaqlara verilən müavinətlərin kəsilməsinə dair açıqlaması reallığı əks etdirmir.