“Qarabağa “İsgəndər” raketi atılmayıb. Şuşada tapılan qalıqlar Suriya ərazisindən yığılaraq gətirilib”. Bu iddianı 44 günlük Qarabağ müharibəsi ərəfəsində silsilə şərhlərlə çıxış edən ukraynalı jurnalist, bloqer Yuri Podolyak özünə məxsus “Мир Сегодня” yutub kanalında irəli sürüb. Raketin döyüş xüsusiyyətlərindən söz açan bloqer “İsgəndər”in partlama gücü ilə Şuşada aşkarlanan qalıqların uyğun gəlmədiyini deyib. O, raketin qalıqlarının Türkiyə vasitəsilə Qarabağ ərazisinə gətirildiyini iddia edib.
Saxta.info bloqerin bu iddiasının əsaslı olub-olmadığını araşdırıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) mart ayının 15-də Şuşa şəhərində iki ədəd raketin qalıqlarını aşkarlayıb. Agentliyin mütəxəssisləri identifikasiya nömrəsinə (9M723) və əlavə araşdırmalara əsasən qalıqların Rusiya hərbi sənayesinin istehsalı olan “İsgəndər-M” Operativ Taktiki Raket Kompleksinə aid olduğunu müəyyən edib. Hər iki raketin düşdüyü yerin dəqiq koordinatları açıqlanıb. Hələlik raketlərdən yalnız birinin partladığı yer müəyyən edilib. ANAMA mütəxəssisləri ərazidə araşdırmanı davam etdirirlər.
Samir Poladov
Araşdırmanın nəticəsi olaraq ANAMA Şuşa şəhərinə “İsgəndər” atıldığını rəsmi şəkildə təsdiqləyib. Agentliyin İdarə Heyətinin sədr müavini Samir Poladov caliber.az internet nəşrinə açıqlamasında bildirib ki, raketlərin konkret olaraq atıldığı tarix haqda dəqiq məlumat yoxdur. Amma ehtimalı edilir ki, Azərbaycan Ordusu Şuşa şəhərini azad edəndən sonra çıxılmaz vəziyyətə düşən Ermənistan bu raketlərdən istifadə edib. Xatırladaq ki, Azərbaycan tərəfi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından 8 noyabr 2020-ci ildə azad edildiyini açıqlayıb. Ermənistan rəsmiləri müharibədən sonra noyabrın 5-6-dan etibarən şəhərdən çəkilmək məcburiyyətində qaldıqlarını etiraf ediblər.

Təbii ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış sursat axtarışı həyata keçirən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) açıqlaması, raketin qalıqlarının görüntüsü, identfikasiya nömrəsi və digər parametrlər Şuşaya “İsgəndər” OTRK atıldığını təsdiqləmək üçün yetərildir.
Amma Azərbaycan ərazisinə “İsgəndər” raketinin atılması müharibədən dərhal sonra yayılan videoda və Ermənistan tərəfinin müxtəlif səviyyələrdə verdiyi açıqlamalarda da öz təsdiqini tapır. Bu mənada həmin video və rəyləri də xatırlatmaq yerinə düşər.
İlk olaraq İkinci Qarabağ Müharibəsinin bitməsinə dair razılaşmanın imzalandığı ərəfədə (10 noyabr 2020-ci il – red) yayılan videonu xatırladaq. Bu barədə Saxta.info ötən il noyabrın 22-də təqdim etdiyi araşdırmada məlumat verib.
Erməni general: Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edilib
Xatırladaq ki, twitter-də yayılan videoda ermənilərin Azərbaycana qarşı “İskəndər” raketi tətbiq etdiyi bildirilib. Videoda hərbçilərin erməni dilində danışığı, Azərbaycan əleyhinə təhqiredici ifadələr, “Azərbaycan bizimdir” sözünü səsələndirməsi sübut edir ki, raketin 44 günlük müharibə zamanı, həmçinin Ermənistan ərazisindən atılıb.

Məlumatda həmçinin raketin “Toçka U” deyil məhz “İskəndər” olduğu vurğulanıb.

Toçka – U raketi Elbrus raketi
Sözügedən raketin 44 günlük müharibə zamanı ermənilərin Azərbaycana qarşı tətbiq etdiyi “Toçka U” və “Elbrus” ballistik raketlərindən fərqləndiyini görüntüyə diqqətlə baxdıqda da görmək mümkündür.

Bu qənaəti “İsgəndər” OTRK-nın açıq informasiya resurslarında yayılan fotoları ilə müqayisə etməklə də möhkəmləndrimək mümkündür.
Sözügedən görüntülərlə “İskəndər” raketinin sınağı arasında apardığımız müqayisə isə raketin İskəndər OTRK-dən atıldığına şübhə yeri qoymur. Qeyd edək ki, görüntünün 0.35-ci saniyəsində birinci raket, təqribən 1 dəq sonra 1.18-ci saniyədə isə ikinci raket atılıb. Hər iki raketin bir kompleksdən atıldığı aydın şəkildə görünür.
Yeri gəlmişkən, Şuşada qalıqları aşkarlanan “İskəndər M” raketi Rusiyanın ən güclü operativ-taktiki kompleksi hesab olunur, birinci raketin buraxılmasından cəmi 1 dəqiqə sonra ikinci raketi ata bilir. Həmçinin bu kompleksdə eyni şaxtada iki raket quraşdırılıb.
Bundan başqa, yuxarıda təqdim etdiyimiz videonun yayılmasından bir neçə gün sonra, konkret olaraq noyabrın 19-da Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı “İskəndər” raketinin tətbiq edildiyini bildirib. Amma o raketin atıldığı istiqamət barədə açıqlama verməyib.
Daha sonra Ermənistanın sabiq prezidenti Serj Sarqsyan 44 günlük müharibədə Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketi tətbiq etdiyini bildirib. Sarqsyan fevralın 17-də “Armnyus” telekanalına müsahibəsində deyib ki, “İskəndər” raketi Şuşa Azərbaycan ordusu tərəfindən alınandan sonra atılıb.
Fevral ayının 23-də isə Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana İskəndər raketinin atıldığını etiraf edib. Amma o raketin yalnız 10 faizinin partlamasına diqqət çəkmişdi.

Yeri gəlmişkən, ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov müsahibəsində raketin tam gücü ilə partlamamasına diqqət çəkib, raketin iddia edilən gücü ilə törədilmiş dağıntı arasında qeyri-proporsionallıq olduğunu deyib. O bildirib ki, tam gücü ilə partlama şəraitində raketin hissələri belə böyük həcmdə qala bilməzdi.
Saxta.info sadalanan video və fotofaktlar, açıqlamalar, rəylərə əsasən bu qənaətə gəlib ki, bloqer Yuri Podolyakın Qarabağa “İskəndər” raketi atılmamasına dair açıqlaması reallığı əks etdirmir və onun səsləndirdiyi əks-fikir sadəcə yutub kanalına diqqət çəkmək cəhdidir.