Bloqer Yuri Podolyak sərsəmlədi: “Qarabağa “İsgəndər” raketi atılmayıb”

“Qarabağa “İsgəndər” raketi  atılmayıb. Şuşada tapılan qalıqlar Suriya ərazisindən yığılaraq gətirilib”.   Bu iddianı  44 günlük Qarabağ müharibəsi ərəfəsində  silsilə şərhlərlə çıxış edən   ukraynalı jurnalist, bloqer Yuri Podolyak özünə məxsus  “Мир Сегодня”  yutub  kanalında   irəli sürüb.  Raketin  döyüş xüsusiyyətlərindən söz açan bloqer  “İsgəndər”in partlama gücü  ilə Şuşada aşkarlanan  qalıqların uyğun gəlmədiyini deyib.  O, raketin qalıqlarının Türkiyə vasitəsilə Qarabağ ərazisinə gətirildiyini iddia edib.

Saxta.info bloqerin bu iddiasının əsaslı olub-olmadığını  araşdırıb.

Azərbaycan Respublikası  Minatəmizləmə Agentliyi (ANAMA)  mart ayının 15-də  Şuşa şəhərində iki  ədəd raketin qalıqlarını aşkarlayıb.  Agentliyin mütəxəssisləri  identifikasiya nömrəsinə (9M723) və əlavə araşdırmalara əsasən qalıqların Rusiya hərbi sənayesinin istehsalı olan “İsgəndər-M”  Operativ Taktiki Raket Kompleksinə aid olduğunu müəyyən edib.  Hər iki raketin düşdüyü yerin dəqiq koordinatları açıqlanıb. Hələlik raketlərdən yalnız birinin partladığı yer müəyyən edilib. ANAMA mütəxəssisləri ərazidə araşdırmanı davam etdirirlər.

Samir Poladov

Araşdırmanın nəticəsi olaraq ANAMA  Şuşa şəhərinə “İsgəndər” atıldığını rəsmi şəkildə təsdiqləyib. Agentliyin İdarə Heyətinin sədr müavini  Samir Poladov  caliber.az  internet nəşrinə açıqlamasında  bildirib ki,  raketlərin konkret olaraq atıldığı tarix haqda dəqiq  məlumat yoxdur.  Amma ehtimalı edilir ki, Azərbaycan Ordusu Şuşa şəhərini azad edəndən sonra  çıxılmaz vəziyyətə düşən Ermənistan bu raketlərdən istifadə edib. Xatırladaq ki, Azərbaycan tərəfi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından  8  noyabr 2020-ci ildə azad edildiyini  açıqlayıb.  Ermənistan rəsmiləri müharibədən sonra noyabrın 5-6-dan etibarən şəhərdən çəkilmək məcburiyyətində qaldıqlarını etiraf ediblər.  

Təbii ki,  işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış sursat axtarışı həyata keçirən  Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA)  açıqlaması, raketin qalıqlarının görüntüsü,  identfikasiya nömrəsi və digər parametrlər  Şuşaya  “İsgəndər” OTRK atıldığını təsdiqləmək üçün yetərildir.

Amma Azərbaycan ərazisinə “İsgəndər” raketinin atılması müharibədən dərhal sonra yayılan videoda və Ermənistan tərəfinin  müxtəlif səviyyələrdə verdiyi açıqlamalarda   da öz təsdiqini tapır. Bu mənada həmin video və rəyləri də xatırlatmaq yerinə düşər.

İlk olaraq İkinci Qarabağ Müharibəsinin bitməsinə dair razılaşmanın imzalandığı ərəfədə  (10 noyabr 2020-ci il – red)  yayılan videonu xatırladaq. Bu barədə Saxta.info ötən il noyabrın 22-də  təqdim etdiyi araşdırmada məlumat verib. 

Erməni general: Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edilib

Xatırladaq ki,  twitter-də yayılan videoda  ermənilərin Azərbaycana qarşı “İskəndər” raketi tətbiq etdiyi bildirilib.   Videoda hərbçilərin  erməni dilində danışığı, Azərbaycan əleyhinə  təhqiredici ifadələr,  “Azərbaycan bizimdir” sözünü  səsələndirməsi  sübut edir ki, raketin 44 günlük müharibə zamanı, həmçinin Ermənistan ərazisindən  atılıb.

Məlumatda həmçinin raketin “Toçka U” deyil məhz “İskəndər” olduğu vurğulanıb.

Toçka – U     raketi                                                     Elbrus  raketi                                

Sözügedən raketin 44 günlük müharibə zamanı  ermənilərin Azərbaycana qarşı tətbiq etdiyi  “Toçka U” və  “Elbrus”  ballistik raketlərindən  fərqləndiyini  görüntüyə diqqətlə baxdıqda  da  görmək mümkündür.  

Bu qənaəti “İsgəndər” OTRK-nın  açıq informasiya resurslarında  yayılan fotoları ilə müqayisə etməklə də  möhkəmləndrimək mümkündür. 

Sözügedən  görüntülərlə  “İskəndər” raketinin sınağı arasında apardığımız müqayisə isə  raketin İskəndər OTRK-dən atıldığına şübhə yeri qoymur.  Qeyd edək ki, görüntünün 0.35-ci saniyəsində birinci raket, təqribən 1 dəq sonra 1.18-ci saniyədə isə ikinci raket atılıb. Hər iki raketin bir kompleksdən atıldığı aydın şəkildə görünür.

Yeri gəlmişkən,  Şuşada qalıqları aşkarlanan “İskəndər M” raketi  Rusiyanın ən güclü operativ-taktiki kompleksi hesab olunur,  birinci raketin buraxılmasından cəmi 1 dəqiqə sonra ikinci raketi ata bilir. Həmçinin  bu kompleksdə eyni şaxtada iki raket quraşdırılıb.

Bundan başqa, yuxarıda təqdim etdiyimiz videonun yayılmasından bir neçə gün sonra, konkret olaraq noyabrın 19-da Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan keçirdiyi mətbuat konfransında  Azərbaycana qarşı  “İskəndər” raketinin tətbiq edildiyini bildirib. Amma o  raketin  atıldığı  istiqamət barədə açıqlama verməyib.

Daha sonra  Ermənistanın sabiq  prezidenti  Serj Sarqsyan 44 günlük müharibədə Ermənistanın Azərbaycana qarşı  “İsgəndər” raketi tətbiq etdiyini bildirib.   Sarqsyan  fevralın 17-də “Armnyus” telekanalına müsahibəsində deyib ki,  “İskəndər” raketi  Şuşa Azərbaycan ordusu tərəfindən alınandan sonra atılıb.    

Fevral ayının 23-də isə  Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana İskəndər  raketinin atıldığını etiraf edib. Amma o raketin yalnız 10 faizinin partlamasına diqqət çəkmişdi.

Yeri gəlmişkən,  ANAMA-nın  İdarə Heyətinin sədr müavini  Samir Poladov  müsahibəsində  raketin tam gücü ilə partlamamasına diqqət çəkib, raketin iddia edilən gücü ilə törədilmiş dağıntı arasında qeyri-proporsionallıq olduğunu deyib. O bildirib ki,  tam gücü ilə partlama şəraitində raketin hissələri belə böyük həcmdə qala bilməzdi.

Saxta.info sadalanan video və fotofaktlar, açıqlamalar, rəylərə əsasən bu qənaətə gəlib ki,   bloqer  Yuri Podolyakın  Qarabağa “İskəndər” raketi  atılmamasına dair açıqlaması  reallığı əks etdirmir  və  onun səsləndirdiyi  əks-fikir  sadəcə  yutub kanalına diqqət çəkmək cəhdidir.