“Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”. Bu açıqlama ilə iqtisadçı – millət vəkili Vüqar Bayramov öz feysbuk səhifəsində çıxış edib. Millət vəkili əlavə edib ki, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çoxdur.

Saxta.info millət vəkilinin bu açıqlamasının doğru olub-olmadığını yoxlayıb.
Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin aprel ayının 1-nə olan məlumatına görə, hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin bütün ölkə üzrə orta faiz dərəcəsi 11,24 % təşkil edib.
Ayrı-ayrı iqtisadi rayonlara gəlincə, Bakı şəhəri üzrə orta faiz dərəcəsi 9,41, Abşeron iqtisadi rayonu üzrə 15,49, Gəncə-Qazax iqtisadi rayonu üzrə 18.05, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 17,73, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 16,76, Naxçıvan iqtisadi rayonu üzrə 14,49 % olub.
Bəzi iqtisadi rayonlar üzrə isə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 20 %-dən yüksəkdir. Belə ki, Aran iqtisadi rayonunda orta faiz dərəcəsi 21.07, Dağlıq Şirvan iqtisadi rayonunda 21.98, Lənkəran iqtisadi rayonunda 20.49 % təşkil edib.

Ən bahalı kreditlər Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə orta fazi dərəcəsi 24,25 % olub. Göründüyü kimi, iqtisadi rayonlar üzrə ən aşağı göstərici Bakıda (9,41 %) ən yüksək göstərici isə Yuxarı Qarabağ iqtisadi rayonunda (24,25 %) qeydə alınıb.
Müqayisə göstərir ki, bölgələrin əksəriyyətində bankların təklif etdiyi kreditlərin faizləri Bakı ilə müqayisədə 2 dəfədən çoxdur. Hətta bəzi bölgələrdə bu fərq bir qədər də artıqdır.
Qeyd edək ki, bankların təklif etdiyi kreditlərin orta faiz dərəcəsi üzrə Bakı ilə bölgələr arasında belə fərq təkcə bu hesabat dövründə qeydə alınmayıb. Bundan əvvəlki dövrlərdə də orta faiz dərəcələri kəskin şəkildə fərqlənib.

Məsələn ötən 2020-ci ilin may ayının 1-nə olan məlumata görə, Bakıda kreditlərin orta fazi dərəcəsi 9,34 % , Aran regionu üzrə 20,68, Gəncə-Qazax regionu üzrə 18,27, Abşeron üzrə 15,69, Lənkəran iqtisadi rayonu üzrə 20.03, Şəki-Zaqatala üzrə 16,87, Quba-Xaçmaz üzrə 18,69, Naxçıvanda 15,24, Dağlıq Şirvan rayonu üzrə 20,77, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 23,56 % olub.
2018-ci ilə aid rəqəmlərə nəzər salaq: Bakı şəhəri üzrə orta faiz dərəcəsi 10,40 % olub. Digər iqtisadi rayonlar üzrə isə göstəricilər belədir:
Lənkəran iqtisadi rayonu – 22.30 %
Dağlıq Şirvan iqtisadi rayonu – 22,70 %
Şəki-Zaqatala iqtisadi rayonu – 21.20 %
Naxçıvan iqtisadi rayonu – 9,20 %
Abşeron iqtisadi rayonu – 16,30 %
Yuxarı Qarabağ iqtisadi rayonu – 24, 80 %
Quba-Xaçmaz iqtisadi rayonu – 20,90 %
Gəncə – Qazax iqtisadi rayonu – 19,60 %
Aran iqtisadi rayonu – 23.30 %
Başqa bir hesabat ilinə nəzər salaq: 2015-ci ilin məlumatına görə, Bakıda kreditlərin orta faiz dərəcəsi 12,2 % olduğu halda Abşeron iqtisadi rayonunda 18,6, Aran iqtisadi rayonunda 22,6, Dağlıq Şirvan iqtisadi rayonunda 22,5, Gəncə-Qazax iqtisadi rayonunda 18,8, Quba-Xaçmaz iqtisadi rayonunda 21,6, Lənkəran iqtisadi rayonunda 23,6, Şəki-Zaqatala iqtisadi rayonunda 21,5 1, Yuxarı Qarabağ iqtisadi rayonun da 19,3, Naxçıvan iqtisadi rayonunda 13,3 % təşkil edib. Göründüyü kimi, əvvəlki illərdə də Bakı ilə böıgələr arasında kreditlərin orta faiz dərəcəsi üzrə fərq böyükdür.
İqtisadçılar bildirirlər ki, Bakıda və bir sıra bölgələrdə kredit faizinin aşağı olması həmin ərazilərdə böyük layihələrin icrasına iri həcmdə kreditlərin verilməsi ilə bağlıdır. Bu səbəbdən də rayonlara kredit ayıran banklara əlavə güzəştlərin verilməsi mexanizminin tətbiq edilməsi təklif olunur.
Saxta.info sadalanan məlumatları, statistikanı əsas götürüərək bu qənaətə gəlib ki, millət vəkili Vüqar Bayramovun açıqlaması reallığı əks etdirir.