“Ağdamın hazırki vəziyyəti şəhərə qarşı şiddətin aydın nümunəsidir”. Bu fikri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Ağdamla bağlı paylaşımında irəli sürüb. O qeyd edib ki, 30 il ərzində Ermənistanın vandalizmi nəticəsində tamamilə dağılıb, talan edilən Ağdam URBİCİD-in aydın bir nümunəsidir.

ZaferTv xəbər verir ki, Saxta.info bu fikrin əsaslı olub-olmadığını yoxlayıb.
Urbicide latın sözü olub, “şəhərə qarşı şiddət” mənasındadır. Termini ilk dəfə 1963-cü ildə ingilis yazıçısı Maykl Murkok irəli sürüb. 1992-1996-cı illərdə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin artilleriya zərbələri nəticəsində dağıdılması ilə bağlı bu termin daha da aktuallıq qazanıb. Müasir dövrdə bir şəhərin binalarının fiziki olaraq məhvi ən aşkar “urbisid” forması kimi xarakterizə edilir.
Varşava
“Şiddət görən şəhərlər” siyahısına salınan şəhərlərdən biri Polşanın paytaxtı Varşavadır. II Dünya müharibəsi zamanı faşistlər şəhərin demək olar ki 85 %-ni dağıdıb və yandırıblar. Şəhərin qədim hissəsi, o cümlədən mədəni irs nümunələri tamamilə məhv edilib. Bir sıra mənbələrdə qeyd edilir ki, nasistlər Varşavadakı binalarla bağlı “heç bir bina salamat qalmamalı, hər binanın daşı öz özülü üzərinə tökülməlidir” qərarı veriblərmiş.

Vukovar, Elts qalası
Urbicide termininə uyğun gələn başqa bir şəhər Xorvatiyanın Vukovar şəhəridir. 1991-ci ilin avqust-noyabr aylarında, 87 gün Serb hərbi birləşmələri tərəfindən mühasirədə saxlanılan şəhərə 1 milyona yaxın mərmi atılıb. Şəhərin sistemli şəkildə bombalanması nəticəsində məhəllələrin dörddə üçü məhv edilib. Məhv edilən tikililər arasında məktəblər, xəstəxanalar, kilsələr, dövlət müəssisələri, fabriklər, orta əsrlərə aid Elts qalası, Nobel mükafatçısı, yazıçı Lavoslav Rujiçanın evi də olub. Qeyd edək ki, Serbiyanın 1-ci prezidenti Slobadan Miloşeviçə qarşı irəli sürülən ittihamlardan biri də Vukovar şəhərinin məhvinə dair verdiyi göstərişlərlə bağlı olub.
Sarayevo
Şiddətə məruz qalan şəhərlər sırasında Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri xüsusi qeyd edilir. 1992-ci ilin fevralında Bosniya və Herseqovina öz müstəqilliyini elan etdikdən sonra Serb hərbi birləşmələri və Yuqoslaviya xalq ordusu Sarayevo şəhərini mühasirəyə alıb. 1992-ci ilin aprelindən 1996-cı ilin fevralınadək mühasirədə qalan şəhərdə bombardıman nəticəsində minlərlə insan ölüb, evlərin və obyektlərin böyük hissəsi dağılıb.
Suriyada 2011-ci ilin mart ayından başlayan vətəndaş müharibəsi nəticəsində ciddi dağıntılara məruz qalan Hələb şəhəri də bir sıra mütəxəssislər tərəfindən şiddətə məruz qoyulan şəhərlər sırasına daxil edilib. Qeyd edək ki, Hələbdəki Böyük Məscidin hissələri, Əl-Mədinə bazarının bölmələri də müharibə nəticəsində dağılıb.
Azərbaycanın Ağdam şəhərinin bu terminə uyğun olub-olmamasına gəlincə, bunun üçün fotolara baxmaq kifayət edir. Şəhərin müxtəlif rakurslardan, xüsusilə yuxarıdan çəkilən fotosunda Cümə məscidini çıxmaq şərtilə salamat tikili qalmadığı aydın şəkildə görünür. Cümə məscidinin salamat saxlanılması isə ermənilərin mədəni irsə xoş münasibətindən qayanaqlanmır. Burada hərbi məqsəd olub. Belə ki, yaxınlıqda hündür tikili qalmadığına görə ermənilər məscidin minarələrindən koordinatları təyin etmək üçün istifadə ediblər.

Ağdam şəhərinin qalıqları
Qeyd edək ki, Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal edilib. Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticəsində imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatın 2-ci bəndinə əsasən rayon noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb. İşğal nəticəsində 6 minə yaxın Ağdam sakini şəhid olub, rayonun 1094 kv.km-lik ərazisinin 882 kv.km-i zəbt edilib, 160 minə yaxın sakindən 128 mini doğma ev-eşiyindən didərgin düşüb. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey ermənilər tərəfindən məhv edilib. Bina və digər obyektlərin böyük hissəsi Ağdam şəhərində yerləşib. Həmin vaxta qədər şəhərin 28 min əhalisi olub. Onların hamısı öz doğma evindən qovulub.
27 il davam edən işğal zamanı ermənilər Ağdamdakı dəzgah avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur, traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki dəmir yolu vağzalı və aеroport, kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrikləşdirilməsi zavodu, Üzeyir Hacıbəyov adına musiqi tеxnikumu, Əbdürrəhim Haqvеrdiyеv adına Ağdam Dövlət Dram Tеatrını da dağıdıb.
Fotodan da göründüyü kimi, Ağdam Dövlət Dram Tеatrının yalnız sütunları qalıb. Şəhər işğaldan azad edildikdən sonra çəkilən foto və videolar göstərir ki, Ağdam şəhərindəki tikililərin 100 %-i dağıdılıb.
2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Xirosiması” adlandırıb, Əl-Cəzirənin internet nəşri “ruhlar şəhəri” siyahısına salıb. Bundan başqa, Ağdam şəhəri işğaldan azad edildikdən sonra bura səfər edən beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, jurnalistlər öz açıqlama və reportajlarında şəhərin yer üzünüdən silindiyini dəfələrlə vurğulayıblar.
Saxta.info sadalananlara əsasən bu qənaətə gəlib ki, Hikmət Hacıyevin Ağdam şəhəri ilə bağlı açıqlaması həqiqəti əks etdirir.