Dövlətin uğurlu xeyriyyəçilik missiyası

İkinci Qarabağ müharibəsindən sonra dövlətimiz “Böyük Qayıdış” layihəsini həyata keçirməklə bərabər, müharibə zamanı şəhid və qazi olanların sosial problemlərinin həllinə start vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılmışdır. Həmin Fondun əsas məqsədi şəhid və qazi ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə bərabər vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fondun əsas fəaliyyət istiqaməti vətandaşlara xidmət etməkdir. Fondun vəsaitləri şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə; təhsil və yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsinə və məişət şəraitinin yaxşılaşdırılmasına xərclənir. Fondun vəsaiti əsasən vətəndaşlarımızın, xarici ölkələrdə yaşayan soydaşlarımızın, həmçinin fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. İndiyədək fondda 24,8 mln. manat toplanıb ki, onun da  15,0 mln. manatı fiziki şəxslər, 9,8 mln. manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yardılan digər bir fond “Qarabağ Dirçəliş Fondu”dur. Azərbaycan ordusu 44 günlük müharibə nəticəsində əldə etdiyi Zəfərlə həm ərazi bütövlüyünü bərpa etdi, həm 30 ilə yaxın bir müddərdə düşmən tapdağı altında qalan torpaqları azad etdi., həm də son iki yüz illik məğlubiyyət tarixinə son qoydu. Vətəndaşlarımız bu fonda müəyyən miqdarda vəsait köçürməklə həm dövlətlə birgə olduğunu əyani şəkildə təsdiq edir, həm də milli dəyərlərimizə olan hörməti dilə gətirirlər.

“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs kimi işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, həmin ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi üçün həyata keçiriləcək tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, habelə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edilməsi ilə məşğul olacaqdır.

Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü nəticəsində təkcə mülki əhaliyə deyil, həmçinin dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə ciddi ziyan dəymişdir. Həmin ziyanın qiymətləndirilməsi və ardana qaldırılması üçün xüsusi Dövlət Komissiya yaradılmışdır. Artıq komissiyanın apardığı işlərin nəticəsində dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi prosesi başlamışdır. Belə ki,  dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə min manat məbləğində yardım göstəriləcəkdir.

Şəhid və qazi ailələrinə göstərilən yardımlarda yerli icra hakimiyyəti orqanları da yaxından iştirak edirlər. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılmışdır. Bu dövlətin qayğısının bir növü olmaqla bərabər, həmin ailələrin sosial problemlərinin həll olunması istiqamətində çox önəmli addımdır.

Müharibə iştirakçılarının müraciətlərinə vaxtlı vaxtında baxılması üçün  Müdafiə Nazirliyində xüsusi komissiya yaradılmışdır. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülmüşdür. Ali baş komandanın göstərişi əsasında Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqdır. Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır.

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli üçün xüsusi komissiya fəaliyyət göstərir. Belə ki, həmin komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir. Vətən müharibəsi iştirakçılarına psixoloji yardım göstərilməsi üçün  komissiya yaradılmışdır. Həmin komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.

Dövlətimiz hər zamankı kimi hərbçilərimizin yanındadır. Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Müzəffər Ali Baş Komandanın tapşırığı ilə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası, banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış, banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlər silinmişdir.  Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda və xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur.

Müharibədə şəhid və qazi olmuşların ailə üzvləri sosial sığortanın imkanlarından faydalanacaqlar. Bu tip müraciətlərin artacağını nəzərə alınaraq “AzSığorta” şirkətinin daxili idarəetmə  prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmışdır. “AzSığorta” şirkəti tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18,1 mln. manat ödəniş edilmişdir.

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri,  fəal gənc Tamerlan Əkbərov

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support