Açıq səma altında muzey

Bu iliin aprel ayının 12-də, Bakı şəhərində Hərbi Qənimətlər Parkının aşılışı olmuşdur. Parkın açılışında çıxış edən Ali Baş Komandan bir sıra məsələlərə toxunmuşdur. Ilk öncə qələbənin şanlı tarixinə nəzər salan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, ordumuz düşməndən şəhidlərimizin intiqamını döyüş meydanında almışdır. Torpaqlarımız işğaldan azad olunmuş və ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

Ikinci Qarabağ Müharibəsi 44 gün davam etsə də Azərbaycan xalqı və ordusu şanlı bir tarix yazdı. Bu müddət ərzində xalq-iqtidar birliyi formalaşdı, iradəmizin və birliyimizin hesabına Ermənistan birmənalı şəkildə diz çökdü. Şəhidlərimizin və qazilərimizin qanı ilə suvarılan torpaq Vətənə çevrildi. Düşmən qarşısından bir nəfər belə qaçmadı, hər bir əsgərimiz şəhid olmağı özünə şərəf bildi.  

Müharibə göstərdi ki, Azərbaycan ordusu kifayət qədər peşəkar, XXI əsrin müharibəsini aparmaq qabiliyyətinə malik bir ordudur. Dağlıq şəraitdə relyefin kifayət qədər döyüş üçün əlverişsiz olduğu bir məkanda yerləşən Şuşa şəhərinin alınması, dünya hərb tarixinə yazılan yeni bir hərbi strategiyanın əsasını qoydu. Belə ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ Müharibəsinin aparılması strategiyası və taktikası ilə yaxından tanış olmağa başlayıblar. Kiçik bir ölkənin Ordusunun bu şücaətinin diqqətləri cəlb ertməsi çox qürurvericidir.

Bakı şəhərində Hərbi Qənimətlər Parkının yaradılmasına bu ilin yanvar ayında start verilmişdir. 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonunun ərazisində yerləşir. Buradakı eksponatlar arasında işğaldan azad olunmuş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır.

Qənimətlər Parkında müharibə zamanı düşməndən götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və Vətən müharibəsinin gedişatı barədə məlumatlar qazanılan Zəfərin nə qədər çətin və şərəfli olduğunu göstərir.

Parkı ziyarət edən hər bir vətəndaşımız qələbənin çətinliklə əldə olunması ilə yanaşı, bir fəxarət hissi keçirəcək. Gələcək nəsil üçün bu bir örnəkdir. Xarici turistlər isə ermənilərin məğlubiyyətinin nəticələrini görəcəklər. Tarixən özlərini bütün dünyaya qəhrəman xalq kimi kimi təqdim edən ermənilər, onların yaddaşında qorxaq və vandal bir etnokorporsiya kimi qalacaqdır.

Ordumuz bu qələbəni uzunmüddətli məqsədəyönlü siyasət nəticəsində əldə etmişdir. Son 17 ildə ordunun təchizatı və təminatı kifayət qədər yaxşılaşdırılmış, müasir silah və sursatlarla təmin olunmuşdur. Ordumuz beynəlxalq təcrübədən yaralanmaq məqsədilə dünyanın bir çox ölkələrində təlim keçmiş və peşəkarlaşmışdılar. Eyni zamanda ölkədə siyasi sabitlik və vətəndaş birliyi təmin olunmuşdur. Hazırlıq dövründə beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdir. Dövlətimiz iqtisadi qüdrətini artırmış və bu sahədə ciddi uğurlar əldə etmişdir.

Ermənilər Dağlıq Qarabağı əldə etmək üçün uzun müddət təxribatlarla məşğul olmuşdur. Belə ki, 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən yaralandılar. Heydər Əliyevin istefasından iki həftə keçməmiş M. Qorbaçovun müşaviri, erməni əsilli Aqanbekyan 1987-ci il noyabr ayının 17-də Fransada olarkən “Le Mond” qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana yaxın olduğu üçün oraya birləşdirilməlidir. Halbuki Ulu Öndərin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilməmişdilər.

Təəssüf ki, müstəqilliyin ilk illərində çox ciddi dövləti cinayətlər baş vermişdir. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdərək, dinc insanları qətlə yetirdi və Xocalı soyqırımı baş verdi. Hakimiyyətə gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Hakimiyyət faktiki olaraq Xalq Cəbhəsi-Müsavat cütlüyünün əlinə keçdi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verməklə Bakıdakı hakimiyyəti yıxmaq istədilər və buna da nail oldular. Bir ay sonra hərbi çevriliş edərək, hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər.

Lakin 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verildikdən sonra AXC-Müsavat cütlüyü canlarını qurtarmaq üçün məcbur olub Ulu Öndərə müraciət etdilər. Xalqın təkidi ilə hakimiyyətə gələn H.Əliyev müasir Azərbaycanın müstəqillik təməlini atmağa başladı.

2003-cü ildə AXC-Müsavat cütlüyü Azadlıq meydanında dövlət çevrilişi etmək istədilər, lakin xalq onları dəstəkləmədi. 2005-ci ildə də Azərbaycanda “narıncı inqilab” təşkil etməyə çalışdılar. Başlarına narıncı bantlar bağladılar və narıncı çadırlar gətirdilər. Məqsəd hakimiyyətə gəlmək və  Qarabağı ermənilərə təhvil vermək idi. Onların bu arzuları da gözlərində qaldı və birdəfəlik tarixin arxivinə verildilər.

Aytən Süleymanova — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Rayonun fəal gənci           

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support