Hərbi Qənimətlər Parkı Vət müharibəsindəki Qələbənin simasıdır

2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq cəmi 44 gün davam edən və Azərbaycanın mənfur düşmən üzərində möhtəşəm Qələbəsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir desəm yanılmaram. Bu müharibə  Azərbaycan xalqının və Müzəffər Azərbaycan Ordusunun qüdrətini, gücünü, xalqda olan Vətən sevgisini bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbəsini elə döyüşlərin ilk günlərindən yayılan videogörüntülərdən görməyə başladıq. Bəli, qürurlandığımız həmin görüntüləri, düşmən də daxil bütün dünya gördü. Bəziləri təəcübləndi, bəziləri heyrətləndi bu kadrları görəndə. Dost sevindi, düşmən qısqanclıqla yanaşdı qələbəmizə. Fakt o idi ki, düşmən darmadağın edilir, qaçmağa məcbur olurdu. Ən müasir döyüş nümayiş etdirən Azərbaycan ordusu düşmənin hərbi texnikalarını metal yığınına döndərirdi. Bu faktlar hələ çox öyrəniləcək, çox araşdırılacaqdır. Azərbaycan xalqı döyüşlərdəki baş verənləri əyani görməli, Qalib ordusunun nələrə qadir olduğunu, əyani, toxunaraq hiss etməli idi. Bu məsələ artıq Ölkə Rəhbəri Cənab İlham Əliyevin tam diqqətində idi. Hərbi Qənimətlər parkının yaradılması ilə Azərbaycan həm də, düşmənin nə qədər xain olduğunu, hərbi cinayətlər tərətdiyini dünyaya nümayiş etdirməli idi.

Erməni xislətinin nədən ibarət olmasını görməzdən gələn bəzi beynəlxalq qurumlar bütün olanları əyani görməli idilər. Bütün bu faktları əks etdirən “Hərb Qənimətlər Parkı” cənab Prezident İlham Əliyev tərəfindən aprel ayının 12-də açıldı. 44 gün ərzində bütöv bir salnamə yazan Azərbaycan ordusunun böyüklüyünü görürük bu parkda. Hərbi Qənimətlər Parkı, eyni zamanda, ordumuzun yenilməzliyindən, Ali Baş Komandanımızın gücündən, qətiyyətindən xəbər verir. Bu park və orada nümayiş etdirilən eksponatlar düşmənın ağır texnikasının, canlı qüvvəsinin necə böyük itkiyə məruz qaldığını göstərir. Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən parkda düşmənin 150-dək ağır texnikası, tanklar, piyadaların döyüş maşınları, müxtəlif artilleriya qurğuları, zenit-raket kompleksləri və digər eksponatları nümayiş olunur. Vətən müharibəsində ordumuzun sürətli hücumundan vahiməyə düşən düşmən bu texnikaları döyüş meydanında ataraq qaçmışdır.

Qəhrəman əsgərlərimiz bu texnikaların əksəriyyətini işlək vəziyyətdə ələ keçirmişdir. Bu faktların özü ordumuzun müharibədə böyük qəhrəmanlıqlar göstərdiyinə, düşməni qorxuya saldığına nümunədir. Dekabrın 10-da keçirilmiş Zəfər Paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri olan, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də bu gün parkın ərazisində nümayiş etdirilir. Beş hektar ərazini əhatə edən parkda nümayiş olunan eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, bundan əlavə Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması, düşmən tərəfindən Azərbaycana atılmış “İsgəndər-M” raketinin qalıqları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Parka gələn insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala biləcək, Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, iradəsini görəcəkdir. Eyni zamanda Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir kəs 30 ilə yaxın müddət ərzində Azərbaycanın tarixi torpaqlarında barbarlıq, vəhşiliklər törədərək şəhərləri, məscidləri, tarixi mədəniyyət obyektlərini dağıdaraq viran qoyan, bütün müsəlman aləmini təhqir edən erməni vandalizimini görəcəklər. İnanırıq ki, Qarabağda törədilmiş erməni vandalizminin ağır nəticələri zamanla aradan qaldırılacaq və erməni vəhşiləri tərəfindən dağıdılmış, məhv edilmiş tarixi abidələrimiz bərpa ediləcəkdir. Bunun üçün dövlətimizin bütün imkanları vardır. Görülən və görüləcək bütün işlər Doğma Qarabağımızın, Azərbaycanımızın gələcək inkişafına, tərəqqisinə hesablanmışdır. Yaşasın qalib Azərbaycan!  

Ülvi Nəhmədzadə
Neftçala rayon sakini, ziyalı