Ustad dərsi

Cari ilin 13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etmişdir. Cənab Prezident öz çıxışında ölkəmizdə və dünya miqyasında baş verən proseslərə toxunmuş və onlara siyasi qiymət vermişdir.

Birinci istiqamət İrəvanın uzun zaman kəsiyində yürütdüyü işğalçılıq siyasəti və həmin siyasətin acı nəticələrini dəyərləndirməyə həsr olunmuşdur. Peşəkar siyasətçi və diplomat olan Prezidentimiz siyasi dəyərləndirmələri gələcək diplomatlar üçün bir “Ustad dərsi”  kimi qiymətləndirilməlidir.

Otuz ilə yaxın bir müddət ərzində Ermənistanın əsas məqsədi münaqişəni dondurulmuş şəkildə saxlamaq olmuşdur. Bunun üçün nə bacarıblarsa ediblər. Belə ki, torpaqlarımız işğldan azad olunduqdan sonra məlum olmuşdur ki, onlar nəhəng istehkamlar və müdafiə xətlərini tikməyə milyonlarla dollar vəsait sərf etmişlər. Əsas məqsəd həmin əraziləri həmişəlik işğalda saxlamaq istəyi ilə bağlı olmuşdur, lakin qəhrəman Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında çaldıqları Zəfər ermənilər və onların havadarlarının planlarını alt-üst etdi.

Rəsmi Ermənistan həm Birinci, həm də İkinci  Qarabağ müharibəsində çoxsaylı müharibə cinayətləri törətmişdir. Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsi zamanı informasiya mühiti indiki kimi deyildi. Ermənilərin törətdikləri vəhşiliklər və barbarlıqla bağlı çoxlu faktlar ya sənədləşdirilməmiş və ya sənədləşdirilsə də beynəlxalq ictimaiyyətə çatdırılmamışdır. Məhz bu səbəbdən də həmin müharibə cinayətləri aşkara çıxmamışdır.

Ikinnci Qarabağ müharibəsi zamanı Azərbaycan bu çatışmazlığı nəinki aradan qaldırmağı, hətta bütün dünyanın diqqətini həmin törədilmiş hərbi cinayətlərə fokuslamağı bacardı. Belə ki, Gəncə şəhərinə atılan ballistik raketlərin hədəfi olan yaşayış kompleksləri təsadüfi seçilməmişdi.  Gecə vaxtı, insanların yatdığı zaman hədəflənmiş hücum mülki əhaliyə qarşı törədilmiş cinayət idi. Bu isə erməni siyasətinin xislətindən xəbər verir. Rəsmi İrəvanın beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalaması, hər gün artilleriya atəşinə tutması buna bariz misaldır.

Başqa bir məsələ münaqişənin tarixinin ermənilər və onların havadarları tərəfindən təhrif olunmasıdır. Halbuki münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Çünki həmin ərazilərdə vaxtilə yaşayanların yaddaşında bu hadisələr olduğu kimi qalmışdır. Lakin yetişən gənc nəsil tarixi həqiqətləri dəqiq bilməlidir. Sovet dövründə Azərbaycanın həqiqi tarixini silmək istəyənlər belə təbliğat aparırdılar ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri cinayətkar deyil, qəhrəmandırlar. Gənclər Zəngəzurun tarixən Azərbaycan ərazisi olmasını bilməlidirlər, çünki həmin torpaqlar 1920-ci ildə Ermənistana verilmişdir.

44 günlük müharibə zamanı Azərbaycan xalqının əldə etdiyi Qələbə dövlətimizin iqtisadi və siyasi gücünün artmasının, həmçinin beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bizim iştirakımızla keçirilən bütün  beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olmuşdur. Məlumdur ki, beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulur. Belə ki, İtaliya bizim ölkəmizin yaxın tərəfdaşı olduğu üçün, onlarla strateji tərəfdaşlıq haqqında ikinci sənəd də imzalanmışdır. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir.

Hər bir ölkədə siyasi sabitlik inkişafın əsasıdır və ölkəmizin dayanıqlı stabilliyə ehtiyacı var. Riskləri aradan qaldırmaq və ya onu minimallaşdırmaq üçün lazımi addımlar atılır və atılacaqdır. Ölkəmizin Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Eyni zamanda, bölgədə yürütdüyümüz Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı kifayət qədər uğurlu və perspektivli bir siyasi gedişdir.

Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət yetirir. Belə ki, Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz mövcuddur. Həmin əməkdaşlığın əsasını nəqliyyat sahəsində həyata keçirdiyimiz və keçirilməsi planlaşdırılan layihələr təşkil edir. Artıq Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilmişdir. Ölkəmizin  okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik.

Hazırda bizim imkanlarımız o qədər genişdir ki, Azərbaycan istənilən vəzifənin öhdəsindən layiqincə gələ bilər. Lakin bu, o demək deyildir ki, bizim ərazi iddialarımız var. Əgər yaxın zaman kəsiyində biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə İrəvana qayıtmaq haqqında düşünməyək? Ikitərəfli əməkdaşlıq üçün Azərbaycanlıların və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq, çünki hələlik Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyildir.

Azərbaycan Qarabağda bərpa işlərinə start verib. Bu bölgə gələcəkdə ölkə iqtisadiyyatında, qeyri-enerji sektorunda və nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaqdır. Bununla əlaqədar olaraq üç hava limanı və dəmir yollarının əlaqələndirilməsi və lazım olan bütün infrastruktur layihələrinin icrası işlərinə artıq başlanılmışdır. Azərbaycan həmişə öz məsuliyyətini dərk edən bir dövlət olub və bundan sonra da həmin ənənəyə sadiq qalacaqdır.

Sabir Fətəliyev — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci