“Prezidentin Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyi də mükəmməl mövqedir”

Aprelin 20-də Hacıqabula səfər edən Prezident İlham Əliyevin orada Azərbaycan Televiziyasına verdiyi müsahibə bir sıra mühüm mesajların yer alması ilə diqqət çəkir. Xüsusən də Prezidentin müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilməsi, habelə “İsgəndər” raketləri ilə, Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər dəqiq və qətiyyətli açıqlamaları həqiqətən də təqdirə layiqdir. Biz dövlət başçımızın bu cür qətiyyətli və prinsipial mövqeyini bəyənirik və birmənalı surətdə dəstəkləyirik. Rəsmi Bakının bu cür israrlı, tələbkar mövqe sərgiləməsinə gerçəkdən də ciddi ehtiyac vardı.

Prezident Ilham Əliyevin “İsgəndər M”-lərlə bağlı səsləndirdiyi məlum fikirlər təkcə siyasi bəyanatlar kimi dəyərləndirilməməlidir. Bu fikirlər eyni zamanda Azərbaycan xalqının gözləntilərinin və sorğulamaq haqqının Prezident tərəfindən dilə gətirilməsidir: “”İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”.

Azərbaycan xalqının və dövlət başçısının “İsgəndər M” raketlərinin Şuşaya atılması ilə bağlı Ermənistandan və Rusiyadan hesab sorması, cavab tələb etməsi bizim qanuni haqqımızdır. Və qarşı tərəf də bu haqqımıza anlayışla yanaşmağa, sayğı göstərməyə, məsuliyyətlilik nümayiş etdirib sorğularımızı cavablandırmağa məcburdur. Nə Ermənistan, nədəki Rusiya həqiqətləri etiraf etməkdən yayına bilməz. “İsgəndər M” məsələsi Azərbaycana bu məsələni beynəlxalq müstəvidə ictimailəşdirmək və həm Ermənistanı, həm də Rusiyanı 10 noyabr razılaşmasının şərtlərinə sadiq qalmağa, o şərtləri vaxtında və vicdanla yerinə yetirmələri üçün onlara qarşı psixoloji pressinq tətbiq etməyə imkan verir. Bu məsələ rəsmi Bakının manevr imkanlarını artırır və əlini gücləndirir. Azərbaycan bu məsələdə psixoloji üstünlüyə malikdir. Və cənab Prezident də bu məsələni tam zamanında, olduqca əlverişli bir məqamda gündəmə gətirməyi, çevik diplomatiya predmetinə, siyasi təsir rıçağına çevirməyi bacardı.

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyi də mükəmməl mövqedir. Siz sözügedən müsahibənin həmin məqamında Prezidentin ritorikasındakı qətiyyətə, özgüvənə və əzmkarlığa diqqətlə fikir verin: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Gəlin açıq etiraf edək ki, bu, olduqca sərrast və öldürücü ritorikadır. Prezident bu fikirləri dilə gətirməklə 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış ermənilərə bir də psixoloji travma yaşatdı. Ermənilərə və onların havadarlarına İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərini bu tərzdə xatırlatmaq Prezidentin tərəfindən əla düşünülmüş kombinasiya idi. Prezident bu bəyanatları ilə, uğurlu cavabları ilə, sərrast ismarıclarla son vaxtlar Azərbaycana qarşı get-gedə artan xarici təzyiqlərin fonunda, çox adekvat şəkildə hər kəsi yerinə oturdur. İlham Əliyev sonuncu çıxışı ilə açıq şəkildə bəyan etdi ki, Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq. Yəni kimlərinsə bu dəhlizin açılmasına süni əngəllər yaratmağa çalışması boşunadır. Onlar fiaskoya uğrayacaqlar. Hacıqabuldan səslənən bəyanatların tezliklə müsbət nəticələrini görəcəyik.


Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support