Yeni uğurlar əldə olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel ayının 20-də Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə vermişdir. Həmin intervyuda Cənab Prezident ölkəmizlə bağlı çoxsaylı məsələlərə aydınlıq gətirmişdir. Belə ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar dövlətin gördüyü və nəzərdə tutduğu təşəbbüslərdən bəhs etmişdir.

Bildiyiniz kimi dövlət tərəfindən qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları uğurla yerinə yetirilmiş və qəbul olunmuş yeni proqramlar icra vəziyyətindədir. Həmin proqramlara uyğun olaraq Hacıqabul rayonunda da kifayət qədər işlər görülmüşdür. Rayonda qazlaşma yüz faizə çatmışdır. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşmış və yeni yarımstansiya istismara verilmişdir. Kəndlərarası yolların 75 faizi yenidən çəkilmişdir. Xəstəxana, mədəniyyət obyektləri, 22 yeni məktəb tikilmiş və bəziləri də əsaslı şəkildə təmir edilmişdir.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradılır. Azərbaycanda aqrar sahədə aparılan islahatlar genişlənir. Yaradılan  aqro-parkların əsas məqsədi ərzaq təhlükəsizliyini daha yüksək səviyyədə təmin etməkdir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı da işlər görülür. Müasir dövrdə aqroparklar milli iqtisadiyyatımızın perspektivli istiqamətərindən biridir. Onlar bol məhsul yetişdirməyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Həmin aqroparklardan ikisi Hacıqabul rayonunun ərazisindədir və burada yüzlərlə yerli sakin işlə təmin olunmuşdur.

Ölkəmizdə əlliyədək aqroparkların salınması nəzərdə tutulmuşdur. Bu parkların salınmasında dövlət sərmayələrinin rolu böyükdür. Ümumi sərmayə qoyuluşu iki milyard manatdan çoxdur. Həmin işlər özəl sektorla birlikdə görülür. Belə ki, dövlət həm güzəştli şərtlərlə kreditlər verir, həm də, infrastruktur layihələrini həyata keçirir.

Digər bir istiqamət işğaldan azad olmuş sahələrin minadan təmizlənməsi və qayıdış üçün infrastruktur layihələrinin həyata keçirilməsidir. Ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Biz dəqiq bilirik ki, onlarda belə xəritələr var və bu xəritələri verməməklə Ermənistanın növbəti hərbi cinayət törədir. Məhz minalı sahələrin xəritələri verilmədiyi üçün müharibə başa çatandan sonra 100-dən çox mülki vətəndaş yaralanıb və həlak olub.

Minatəmizləmə Agentliyinin işini yaxşılaşdırmaq üçün kifayət qədər yeni avadanlıqlar alınmış və  ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilmişdir. Həmçinin həm Türkiyədən, həm də Rusiyadan gələn hərbiçilər bizə köməklik göstərirlər. Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz həmin taborlar təmizləyib.

Azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası davam edir və həmin ərazilərdə elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Burada paralel olaraq yeni xətlər çəkilir yarımstansiyalar tikilir. Artıq Şuşa şəhəri  elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər quraşdırılır. Relyef kifayət qədər mürəkkəbdir. Belə ki, xətlıərin keçdiyi  Murovun hündürlüyü bəzən 3500 metrə çatır.

Işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə gərgin işlər gedir. Belə ki, Füzuli-Şuşa, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır. Həmçinin, Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılır. Həmin yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər uğurla gedir.

Ərazilərin bərpası işləri mərhələli şəkildə həyata keçiriləcəkdir. Ilikin olaraq infrastuktura yaxın olan yaşayış məntəqələri bərpa olunacaq. Bu məqsədlə Ağdam, Füzuli və Cəbrayıl rayonlarından keçən təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilmişdir. Yeni tikiləcək hava limanları regionun sürətli inkişafına təkan verəcəkdir. Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə də başlanılacaqdır. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa ediləcəkdir.

 Azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqun ərazisinə bərabərdir. Bərpa işləri müharibə başa çatandan dərhal sonra başlanılmışdır. Ermənilərin vəhşiliyi üzündən bütüm infrastruktur dağıdılmışdır. Müharibələrin tarixinə nəzər salsaq görərik ki, heç bir zaman bu qədər qəddarlıq, bu qədər düşmənçilik olmamışdır. İkinci Dünya müharibəsi ilə müqayisə etsək belə, həmin müharibənin gedişi zamanı bu qədər vəhşilik törədilməmişdir. Bu faşizmin yeni forması olan “neoermənizm”dir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azəebaycan Ordusu müasir erməni faşizmini məhv elədi.

Ölkəmizin milli maraqlarını təmin etmək üçün bütün gərəkli addımlar atılacaqdır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyi üçün, biz Zəngəzur dəhlizini açacağıq. Ermənilərin istəyinin necə olması vacib deyil. Ağıllı olacaqlar qazanacaqlar, olmayacaqlar sonda günah onların üzərində qalacaqdır. Biz Zəngəzura qayıdacağıq.

Bizə qarşı istifadə edilmiş “İsgəndər-M” raketləri ilə bağlı məsələlərə də mütləq aydınlıq gətirilməlidir. Həmin raketlərin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər heç bir aydınlığın gətiririlməməsi bizdə təəssüf hissi doğurur. Bu tip məsələlərdə strateji tərəfdaşlar səmimi olmalıdır.

Rəşid Məmmədov — Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri — Nərimanov rayonun fəal gənci