“Prezident nəyə görə Qarabağı məhz Lüksemburqla müqayisə etdi? Bu çox önəmli və həssas məqamdır”

Aprelin 26-da öz işinə başlayan Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasının Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışında bir neçə məqam xüsusilə diqqətimi çəkdi.

Birincisi, dövlət başçımız hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifənin dayandığını qeyd etdi və yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacağını vurğuladı. Eyni zamanda dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş ərazilərimizə, irimiqyaslı yenidənqurma işlərinə dəvət etdi. Fikir verdinizsə, cənab Prezident həmin məqamda işğaldan azad edilmiş ərazilərimizin miqyasını Avropanın inkişaf etmiş dövlətlərindən biri olan Lüksemburqla müqayisə etdi və dedi ki, mən sizi Lüksemburqdan dörd dəfə böyük olan ərazidə yenidənqurma işlərinə dəvət edirəm.

Prezident nəyə görə Qarabağı məhz Lüksemburqla müqayisə etdi? Bu çox önəmli və həssas məqamdır. Məsələ burasındadır ki, Avropanın inkişaf etmiş cırtdan ölkəsi sayılan Lüksemburq bir sıra mühüm məqamlarda ermənilərin tərəfini tutur, Azərbaycana qarşı böhtan xarakterli çıxışlar edir. Ona görə də Prezident İlham Əliyev bir qədər istehzalı tonla Lüksemburqla Qarabağın ərazisini müqayisə etdi, bizim işğaldan azad etdiyimiz, bərpa edəcəyimiz ərazilərin hətta 4 Lüksemburqa bərabər olduğunu xüsusi olaraq vurğuladı. Prezidentin bu istehzası, kinayəsi Lüksemburqun ermənipərəst siyasi elitası üçün kifayət qədər böyük təsir gücünə malikdir. Prezidentimiz diplomatik ismarıclardan yerində və effektiv istifadə etməyi yaxşı bacarır.

Dövlət başçımızın çıxışında diqqətimi çəkən ikinci məqam Zəngəzur dəhlizi ilə bağlı fikirlər səsləndirməsi oldu. Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusunda olduğunu bildirən və ölkəmizin Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verdiyini qeyd edən Prezident İlham Əliyev eyni zamanda Zəngəzur dəhlizi üzərində çalışdığımızı da vurğuladı və tərəfdaş ölkələri bu layihənin icrasında iştirak etməyə dəvət etdi: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Cənab Prezident bununla bir daha Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarda mühüm həlqə olacağını vurğulamış oldu. Bu həm də İlham Əliyevin qətiyyətini göstərir. Bəli, Azərbaycanın dövlət başçısı Zəngəzur dəhlizinin açılmasında maraqlı və israrlıdır. Çünki bu dəhlizin açılması son nəticədə həm türk dünyasının coğrafi-iqtisadi birləşməsini təmin edəcək, həm də ki, öz tarixi torpaqlarımıza qovuşmağımız üçün yeni hədəfləri stimullaşdıracaq. Bu mənada cənab Prezident “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır!” sözünü heç də əbəs yerə demir. Bu Azərbaycan liderinin ermənilərə də, onun havadarlarına da açıq ismarıcıdır. Biz Prezidentimizin bu cür qətiyyətli mövqeyini təqdir edirik.

Prezidentin sözügedən çıxışında diqqətimi çəkən növbəti məqam “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü məsələsi ilə bağlı söylədiyi fikirlər idi. Dövlət başçısı bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir, lakin “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir: “Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”.

Azərbaycanın dövlət başçısının ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı bu cür prinsipial və ədalətli mövqeyinin dünyanın əksər ölkələri tərəfindən müsbət qarşılanacağına əminik. Təsadüfi deyil ki, bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Bu onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələri qarşısında və ümumiyyətlə, insanlıq qarşısında məsuliyyətini yaxşı dərk edir və öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. Pandemiya kimi həssas və kritik bir məqamda Qoşulmama Hərəkatı kimi dünyanın BMT-dən sonra ikinci ən nüfuzlu beynəlxalq təşkilatına rəhbərlik etmək heç də asan məsələ deyil. Bir sıra iri dövlətlər koronavirus dönəmində peyvənd quldurluğu ilə məşğul olduğu bir vaxtda, Azərbaycan isə koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Təkcə bu faktın özü kimin kim olduğunu aydın göstərir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri