Verilişlərə qatılan məşhurlar niyə koronavirusdan ölür? – OPERATİV QƏRARGAH…

Tanınmış həkim, professor Adil Qeybulla koronavirusla bağlı televiziyalarda baş verən məsuliyyətsizlikdən danışıb.


Redaktor.az xəbər verir ki, o, televiziya rəhbərlərini və Nazirlər Kabineti yanında Operativ Qərargahı tənqid edib. Adil Qeybulla bildirib ki, televiziya binalarında karantin qaydalarına əməl edilmir:


“Karantin qaydaları gözlənilməlidir, giriş-çıxışda əllərin dezinfeksiya olunması, maska taxılması, həmçinin maskadan düzgün istifadə və sosial məsafə gözlənilməsi təmin edilməlidir. Təəssüf ki, son zaman hər yerdə bu məsələ unudulub. Televiziyalar bir neçə qonağı eyni vaxtda çəkilişə dəvət edirlər, studiyda xeyli insan olur, qaydalar pozulur.


Operativ Qərargah bütün bunlara görə məsuliyyət daşıyır. Bu qurum dövlət tərəfindən yaradılıb ki, pandemiya ilə mübarizə aparsın, nəzarəti həyata keçirsin.


Bəzi insanlar koronavirusu ciddiyə almırlar, nəticədə xoş olmayan hallarla rastlaşırıq. Xəstə adam düşünür ki, o, ətraf üçün təhlükəli deyil. İctimai nəqliyyatda, qapalı məkanlarda, ticarət obyektlərində saatlarla maskasız otururlar, əylənirlər. Bunları etmək olmaz!”.