Zəngəzur dəhlizi

Bu ilin aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfər edərkən Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Həmin müsahibədə toxunulan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər idi. Prezident demişdir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik… Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Zəngəzur dəhlizi ideyasının özəl tarixi vardır. Belə ki, ötən əsrin yetmişinci illərində türk dünyasının düşmənələrindən biri olan, millətçi Z.Balayan özünün “Ocaq” adlandırdığı bədnam cızmaqarasında, Zəngəzurun alınmasını zəruru sayıb və buradan keçən yolu “Turan yolu” adlandırıb. Eyni zamanda,  son zamanlar Ermənistan mediası yazır ki, ötən əsrin 70-80-ci illərində Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan və Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu “türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandırıldı. Lakin Azərbaycan məqsədinə indi çatdı”. Ermənilərin bu fikri təsadüfi söylənilən məsələ deyil, çünki Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə bərabər, həm də ata vəsiyyətini yerinə yetirir.

Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyətini Prezident İlham Əliyev hələ 12 il bundan öncə, 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. O bildirmişdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması demək idi. Çünki qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcəkdir.

Bu dəhlizinin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci tarixində  Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat təşkil edir. Sonuncu bəyanatda kommunikasiyanın bərpasının bu ilin 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Elə ona görə, də bu ilin aprel ayının 8-də Ermənistan baş naziri N.paşinyanın Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fikirlər söylənilirdi.

Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti vardır. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra, Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişəcəyi barədə istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb və ərəb dövlətlərinin, həmçinin və Çin KİV-lərində çoxsaylı yazılar dərc olunur.  Həmin materiallarda Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir. Eyni zamanda, hətta bəzi ekspertlər Zəngəzur dəhlizi açıldıqdan sonra Çinin əldə edəcəyi faydanı hesablamağa çalışırlar.

Yuxarıda söylənilənlərdən aydın olur ki, bu dəhlizin aşılması regional və beynəlxalq yükdaşımalarda əsas “həlqə” statusunu qazanacaqdır. Azərbaycan Prezidebti bu dəhlizin aşılması ilə bağlı istər müharibənin gedişi zamanı, istərsə də ondan sonra  rəsmi Bakının bu sahədə olacaq istənilən əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan etmişdir. O bildirmişdir ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Əgər  müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmaq istəyirsə, Azərbaycan tərəfindən hər hansı bir maneə olmayacaqdır.

Prezident İlham Əliyev öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”. Bu bir milli hədəf və Ulu Öndərin həyata keçirmək istədiyi tarixi missiyanın davam etdirilməsi anlamına gəlir. Bu ilin feral ayında keçirilən YAP-ın VI qurultayında etdiyi çıxışda bildirdi ki, “Tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

Bu il mart ayının 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı azərbaycan Prezidenti demişdir: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Osmanov Qurban Bayram oğlu,

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin Nərimanov rayon şöbəsinin sədri