Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin motivi məlum olub.
Məlumata görə, tikintiyə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov (Veyis Xəlilov) binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova verib.Həmin binadan əlavə 4 otaqlı bir mənzili isə rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib. Veyis Xəlilov həmin parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul verib, ilkin dindirilmə zamanı bunu etiraf edib.
Famil Xəlilov öz ətrafında həm də ikinci adı olan Veyis Xəlilov kimi tanınır. O, müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) əridir.Alimpaşa Məmmədov şirkət rəhbəri Veyis Xəlilova rayonun İsrafil Məmmədov və ya 4-cü küçə adlandırılan ərazisində tikinti aparmağa da şərait yaradıb. Belə ki, ətrafında hərbi hissənin yerləşməsi nəzərə alınaraq Şəmkir Korpusunun o vaxtkı komandiri, hazırda həbsdə olan general Rövşən Əkbərov binanın 6 mərtəbəli olmasına razılıq verib. Lakin icazə verilən sənəddə 6 mərtəbə olması nəzərdə tutulan binanın tikintisi hərbi obyektlərlə bağlı normativ pozularaq 9-cu mərtəbədə yekunlaşıb.