Zəngəzur dəhlizindən istifadə region dövlətləri üçün də iqtisadi baxımdan əlverişlidir

“44 günlük şanlı Vətən Müharibəsində ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu 27 ildir ki, düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Post-müharibə dövründə qarşımızda bir sıra məsələlər dayanmaqdadır. Bunların arasında işğaldan azad edilmiş ərazilərimizdə əsaslı bərpa işlərinin, infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat əlaqələrinin bərpası və yeni yolların çəkilməsi mühüm yer tutur.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydər söyləyib.

F.Heydər qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra artıq işğaldan azad olunan ərazilərdə yenidənqurma, abadlaşdırma işləri aparılır. Respublikamızın Prezidenti İlham Əliyev bu işlərə şəxsən nəzarət edir: ”Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Prezident səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edib. Daha sonra isə Prezident Zəngilan rayonu Ağalı kəndində həyata keçiriləcək birinci “Ağıllı kənd” pilot layihəsi ilə tanş olub. Pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Zəngilan rayonunun sakinləri ilə görüşdəki dialoqun kiçik bir hissəsi diqqəti cəlb edir. Ali Baş Komandanımız sakinlərin birindən yaşını soruşur, cavabda həmin şəxs 28 deyir. Zəngilanda doğulan ən son körpələrdən olan, oranı məcburi köçkün kimi tərk edəndə yeddi aylıq olan həmin sakin 28 ildən sonra ilk dəfə öz dədə-baba torpağına qədəm qoyub. Onda olan Vətən sevgisi həqiqətən təqdirə layiqdir. Onu da qeyd edim ki, İkinci Qarabağ döyüşlərində iştirak edən əsgərlərin, qazilərin və şəhidlərin demək olar ki, böyük əksəriyyəti gənc nəslin nümayəndələridir. Bu fakt, ölkədə vətənpərvər bir nəsil yetişdiyinin təsdiqidir.”

Həmsöhbətimiz vurğulayıb ki, Ali Baş Komandanımız daha sonra Zəngilan Hava Limanının təməlqoyma mərasimində iştirak edib. Zəngilanın Zəngəzur dəhlizinə çıxış üçün mükəmməl perspektivə malik olması orda görüləcək işlərin intensivliyinə, Zəngilanın beynəlxalq nəqliyyat- logistika mərkəzinə çevrilməsinş böyük zəmin yaradır: “Bildiyimiz kimi nadir ağacların qorunub saxlanılması üçün salınan qoruqların bir də Zəngilanda yerləşir. Həmin qoruq erməni vəhşiləri tərəfindən talan edilib. Lakin dövlətimiz işğaldan azad edilən ərazilərmizdə bərpa işləri həyata keçirəcək”.

Müsahibimiz qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın Naxçıvan və Türkiyə ilə qovuşması, iqtisadi baxımdan dirçəliş deməkdir: “Qədim Azərbaycan torpağı olan Zəngəzurun bir vaxtlar Ermənistana verilməsi böyük tarixi ədalətsizlik, türk dunyasının parçalanmasıdır. Qələbəmizdən sonra regionda yeni vəziyyət yaradıb. Zəngəzur dəhlizinin, Naxçıvana dəmir yolu əlaqəsinin açılması Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üçün vacib əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizindən istifadə region dövlətləri üçün də iqtisadi baxımdan əlverişlidir. Deyə bilərik ki, Qələbədən sonra Azərbaycanın tarixində yeni dövr, yeni era başlayıb”.