“Azərbaycan Prezidenti min illər boyu bu ərazilərin bizə məxsus olduğunu sadəcə əyani faktlarla bütün dünyaya göstərir”

Prezidentin Zəngilan və Cəbrayıl rayonlarına səfəri işğaldan azad edilmiş ərazilərimizə əvvəlki səfərlərindən tamamilə fərqli mahiyyət daşıyır. Həmin səfərlər zamanı dövlət başçısı işğaldan azad olunmuş bölgələrdə (Ağdamda, Füzulidə, Şuşada) bir neçə böyük layihələrin əsasını qoyduğu kimi Zəngilan və Cəbrayıla səfərin gedişində də mühüm layihələrin açılışı oldu. Həmçinin, yeni layihələrin əsasının qoyulduğunun şahidi olduq. Eyni zamanda artıq azad olunan ərazilərdə son aylarda görülmüş işlərin ilkin nəticələri təqdim olundu. Bir sözlə, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minaların zərərsizləşdirilməsi prosesi ilə yanaşı, böyük quruculuq-bərpa işlərinə də start verilib. Belə demək mümkünsə, indi Qarabağ yenidən tikilir. Və bunu düşmənlərimiz də, dostlarımız da əyani şəkildə görür. 

Dövlət başçısının səfəri bu gün bütün dünyaya bu ərazilərin gerçək sahibinin kimliyini göstərmək baxımından da olduqca əhəmiyyətlidir. Dünya Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki acınacaqlı vəziyyəti İlham Əliyevin səfərləri vasitəsilə görür. Eyni zamanda bizim bu ərazilərimizi erməni vandalizminin ağır fəsadlarından, işğalın gətirdiyi fəlakətli durumdan xilas etmək istəklərimiz əyani şəkildə ortaya qoyulur. Prezident azad olunmuş torpaqlarda vandalların dağıtdığı məscidin bərpası üçün addımlar atır, dini ocağın divarına öz əlləri ilə daş qoyur, divar hörür. Onun bu və digər addımları bizimlə ermənilərin fərqini açıb göstərir. Dünya ictimaiyyətinin obyektiv kəsimi də, ermənipərəst kəsimi də müqayisə üçün imkanlar əldə edir. Belə ki, dünya bir tərəfdə ermənilərin dağıdıcılığını, işğalçılığını görürsə, o biri tərəfdə isə Azərbaycan xalqının qurucu xarakterinə, sülhpərvərliyinə şahidlik edir. Və yaxud, dünənləri dünya işğalçı Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın Şuşada sərxoş rəqsinə tamaşa edirdisə, bu gün isə elə həmin dünya Azərbaycanın qalib Ali Baş Komandanın Şuşada, Zəngilanda, Ağdamda, Füzulidə az qala hər daşa, hər ağaca necə sevgi və qayğıkeşliklə yanaşmasının şahidi olur. 

Başqa sözlə desək, İlham Əliyevin Qarabağa səfərləri ermənilərin də, azərbaycanlıların da dünyaya olduğu kimi tanıdılmasına xidmət edir. Düşmənimizin vandal xislətini, barbarlığını idşa etmək üçün əla fürsət yaranıb. İlham Əliyev bu yolla erməni faşizmini ifşa edir. Bu çox uğurlu taktikadır. Prezident həqiqətən də mükəmməl taktika seçib. “Kokeyşn büro” kəkələyən və “Tiqranakert”, “Böyük Ermənistan” kimi mifik nağıllar danışan Nikol Paşinyandan (və ümumiyyətlə, bütün xəstə təfəkkürlü erməni siyasətçilərindən) fərqli olaraq İlham Əliyev dünyaya “qədim” tarix haqqında saxta mühazirələr oxumur. Azərbaycan Prezidenti min illər boyu bu ərazilərin bizə məxsus olduğunu sadəcə əyani faktlarla bütün dünyaya göstərir. İlham Əliyev Qarabağın bələdçisi, təqdimatçısı rolunda çıxış edir. Dünya məhz İlham Əliyevin təqdimatında Qarabağı yenidən tanımaq imkanı əldə edir. 

Əlisahib Hüseynov, 
Milli Həmrəylik Partiyasının sədri